“Ded Xasan”dan sonra kriminal aləmin kralı, yaxud “Vor №1” statusunu alan “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşovun sürpriz həbsi cinayətkar aləmdə bomba partlayışı effekti yaradıb.
Virtualaz.org xəbər verir ki, bu haqda “Komsomolskaya Pravda” yazır.
Xatırladaq ki, “Şakro Molodoy” iki həftə əvvəl Moskva ətrafındakı malikanəsində qəfil əməliyyatla həbs olunub. Xüsusi təyinatlılar onun şkafa oxşayan 20-dən çox mühafizəçisini cəmi 1 dəqiqədə neytrallaşdırıblar və “Şakro”nu qəfil yaxalayıblar. O, reketlik yolu ilə pul almaqda ittiham olunur. Daha sonra “Şakro”nun işi üzrə həbslər Rusiya İstintaq Komitəsinin generallarına qədər uzanıb. Habelə “kralın” Azərbaycan əsilli yəhudi milyarderlər Roman və Solomon Manaşirovlara “krışalıq” etdiyi üzə çıxıb.
Qəzet yazır ki, “vor zakon”ları tez-tez tuturlar, hətta həbsxanaya göndərirlər. Lakin “Şakro”nun məsələsi ayrıdır. Məsələ bundadır ki, Kalaşov kriminal aləmdə olduqca sanballı fiqurdur. 90-cı illərdə Moskvada qafqazlı qruplaşmalara nəzarət edib. 2000-ci illərdə İspaniyaya gedib və orada “rus mafiyası”nın lideri olub. Həbs edilib və 7 illik həbsxana həyatından sonra 2014-cü ildə Rusiyaya ekstradisiya olunub. Həmin vaxt kriminal aləmin “kralı” postu boş qalmışdı, bu postu tutan “Ded Xasan” öldürülmüşdü və “Şakro Molodoy” qayıdıb onun yerini tutdu.
İndi kriminal aləmdə sual edirlər: “Şakro” uzun müddətə həbsxanaya göndərilsə onun yerini kim tutacaq? Kriminal aləmdə hakimiyyət necə bölüşdürüləcək? Axı kriminal avtoritetin adı iki nəfərin ölümü ilə nəticələnən atışmanın təşkilində keçir və onu uzunmüddətli həbs gözləyir.
Cinayətkar aləmdən xəbərlər yayan primecrime.ru saytının müəllifləri hesab edirlər ki, “Şakro” uzun müddətə həbsxanaya salınsa onun yerini son 25 ildə ilk dəfə slavyan mənşəli “vor” tutacaq. Hərçənd ki, “Şakro”dan sonra kriminal aləmdə ən nüfuzlular “Taro” ləqəbli Tariel Oniani, “Merab Suxumski” ləqəbli Merab Canqveladze, azərbaycanlı Rövşən Lənkəranski hesab olunurlar.
Lakin primecrime.ru saytının kimliyini gizli saxlayan redaktoru deyir ki, onların heç birinin “Şakro”nun yerini tutmaq şansı yoxdur. “Onlardan ikisi-Taro və Merab Rusiyada həbsdədir. Rövşən axtarışdadır. Üstəlik cinayətkar aləm onların arxasınca getməz. Çünki onlar “bratva”dan uzaq düşüblər. Onlar artıq “vor zakon”dan çox biznesmenlərdir. Belə vəziyyət “Şakro”nun qayıdışına qədər uzun müddətdir hökm sürürdü. Ona görə də qəfil boşalan taxt-tacı tutmağa “Şakro”dan başqa namizəd yox idi”-özünü Sa Niya kimi təqdim edən redaktor deyir.
Bəs “Şakro” həbsxanada otura-otura “Vor №1” kimi qala bilməzmi? Redaktor deyir ki, “Vor №1” şərti vəzifədir, yüz milyonlarla dolların cəmləşdiyi “obşak”a nəzarət edən adamdır. (“Obşak” kriminal aləmin ünsürlərinin topladıqları pullar hesabına formalaşır) . Bu fondu həbsxanadan idarə etmək çətindir, “Şakro”nun bütün keçmiş ətrafı gizlənib. Onlar yeni “bir nömrə” elan edilməyənə qədər üzə çıxmayacaqlar. Və gözlənilir ki, yeni “bir nömrə” slavyan mənşəli olacaq.
Mənbə onun adını da açıqlayıb. Bu, “Piçuqa” ləqəbli Yuri Piçuqindir. “Piçuqa” çoxdandır Moskvada yaşayır, güclü qruplaşması var. “Ded Xasan” sağ olanda onun yanında idi, slavyan qruplaşmalarına nəzarət edirdi. 50 yaşlı Piçuqin Sverdlovskda anadan olub, dəfələrlə məhkumluq həyatı yaşayıb, “Ded Xasan”ın slavyanlar üzrə “sağ əli” hesab olunub. 2009-cu ildə “Yaponçik” ləqəbli Vyaçeslav İvankovun öldürülməsindən sonra “Ded” onu slavyan qruplaşmaları üzrə “müavini” elan etmişdi.
Virtualaz.org