İşğal altındakı Ağdərə rayonunun təmas xəttinə yaxın kəndlərində qanunsuz məskunlaşmış erməni sakinlər Azərbaycan ordusunun son raket-artilleriya zərbələrindən qorxuya düşərək evlərini tərk etməyə hazırlaşır.
Bu barədə “Kavkazskiy uzel” portalının Ağdərənin təmas xəttinə yaxın Talış və Maqadis kəndlərindən hazırladığı reportajda deyilir.
Bu kəndlərdə yaşayan ermənilər deyirlər ki, sentyabrın 24-25-də atəşkəs dövrünün ən intensiv atışmalarına şahid olublar. Talış kəndi Ağdərənin rayon mərkəzindən 28 kilometr məsafədə, təmas xəttinin 3 kilometrliyində yerləşir. Bu kənddə 140-ı uşaq olmaqla minə yaxın erməni yaşayır.
Maqadis kəndi isə Talış kəndi ilə Ağdərə rayon mərkəzi arasında yerləşir. Orada 150-i uşaq olmaqla 700-ə yaxın erməni var.
Ermənilər etiraf edirlər ki, atışma zamanı Azərbaycan ordusu birbaşa kəndi, mülki sakinləri hədəf almayıb. Bu səbəbdən mərmilər kəndə düşməyib və erməni sakinlərdən ölən yoxdur. /virtualaz
Aktual.az