Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanandan sonra bu gün artıq rus sülhməramlı kontingentinin Xocalıdakı bazasından da hərbçilərin, hərbi texnika və silah-sursatın daşınmasının bitdiyi gündür. Yəni Rusiyanın Cənub Hərb Dairəsinin heyətinə daxil olan rus sülhməramlıları heyətinə aid olan bütün əmlak daşınıb. Onların bir hissəsi Gümrüdəki 102-ci hərbi bazadan gətirildiyi üçün oraya, qalanı isə dəmir yolu ilə Rostovda yerləşən Cənub Hərb Dairəsinin bazasına geri göndərilib.
Bu sözləri
Aktual.az-a açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev deyib.
"Artıq proses yekunlaşır və biz yeni mərhələyə qədəm qoyuruq. Xocalıdakı hərbi baza da Ordumuz tərəfindən təhvil götürüləcək. Eyni zamanda oradakı hava limanının da ölkəmizin müvafiq dövlət qurumlarına təhvil verilməsi prosesi başlayacaq. 2020-ci ilin 10 noyabrında başlayan mərhələ bu gün bitdi. Tariximizdə 15 may Azərbaycan və Rusiya arasında münasibətlərin yeni səhifəsinin başlanğıcı kimi qalacaq”, - hərbi ekspert qeyd edib.
Xatırladaq ki, Rusiya sülhməramlıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, Azərbaycan ərazisində 5 il müddətinə yerləşdirilmişdi. Daha sonra hər iki ölkənin ali rəhbərliyi onların Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə qərar qəbul ediblər.
Xəbər 523 dəfə oxunub.