"Son 10 il ərzində Azərbaycan Milli Məclsinin 266 iclası keçirilib".
Bunu Milli Məclisin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) 45 saylı Abşeron seçki dairəsindən namizədi Oqtay Əsədov partiyanın rəsmi saytına müsahibəsində bildirib.
O qeyd edib ki, ötən 10 ildə parlamentdə 2516 qanun və qərar qəbul olunub: "Onlardan 6-sı Konstitusiya qanunu, 23-ü Konstitusiya qanununa dəyişikliklər, 263-ü qanun, 1363-ü qanuna dəyişikliklər və əlavələr, 301-i isə qərardır. Parlament mənim sədrliyim dövründə 560 beynəlxalq müqavilə və konvensiyanı qanunla təsdiq edib".
Milli Məclisin sədrinin sözlərinə görə, Azərbaycanın bütün sahələr üzrə hüquqi bazası mövcuddur: "Qəbul olunmuş Konstitusiya qanunları, məcəllələr, qanunlar, təsdiq edilmiş konvensiyalar, sazişlər cəmiyyət və dövlət həyatında yaranan münasibətləri tənzimləməyə xidmət edir. Qanunvericilik fəaliyyətində bəşəri dəyərlər milli dəyərlərimizlə üzvi surətdə əlaqələndirilir".
O.Əsədov vurğulayıb ki, parlament bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edir: "Hazırda Milli Məclis Parlamentlərarası İttifaqın, Avropa Şurası Parlament Assambleyasının, MDB Parlamentlərarası Assambleyasının, ATƏT Parlament Assambleyasının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin, GUAM Parlament Assambleyasının, İslam Əməkdaşlığı Təşkilatı Parlament Məclisinin, Türkdilli Ölkələrin Parlament Assambleyasının, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının tam hüquqlu, NATO Parlament Assambleyasının assosiativ üzvüdür. Milli Məclis digər mötəbər beynəlxalq qurumlarla da sıx əməkdaşlıq edir. Deputatlarımız mütəmadi olaraq bu təşkilatların işində yaxından iştirak edir, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırırlar. Beynəlxalq əməkdaşlıq müstəvisində aparılan bu siyasət artıq öz bəhrələrini verməkdədir. Heç də təsadüfi deyil ki, Avropa Parlamenti, o cümlədən İtaliya və Almaniya kimi nüfuzlu dövlətlərin qanunvericilik orqanları Cənubi Qafqazla bağlı qəbul etdikləri qətnamələrdə Dağlıq Qarabağ problemi ilə əlaqədar Azərbaycanın haqlı mövqeyini dəstəkləmiş, dünyanın bir sıra dövlətlərinin parlamentləri Xocalı soyqırımını tanımışlar. Bütün bunlar Azərbaycan parlament diplomatiyasının uğurlarından xəbər verir".
Parlamentdə 80-dən çox ölkənin qanunvericilik orqanı ilə əlaqələr üzrə işçi qrupları yaradıldığını deyən spiker bildirib ki, bu qruplar qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsində, parlamentin beynəlxalq əlaqələrinin inkişafında mühüm rol oynayırlar.
O.Əsədov qeyd edib ki, bu ilin noyabrın 1-də yeni seçiləcək V çağırış Milli Məclis də öz sələfi kimi qarşıda dayanan hədəflərə çatmaq naminə ölkə Prezidentinin yürütdüyü siyasəti lazımınca dəstəkləyəcək.\report