Şirkət borcunu ödəmiş müştərilərindən əlavə haqq tələb edirmiş, özü də məhkəmə vasitəsiylə
Azərbaycanda geniş reklamları gedən, müştərilərinə məmnuniyyət vəd edib, lakin sonradan aldadan daha bir şirkət üzə çıxıb. Aktual.az xəbər verir ki, bu dəfə ortalığın qarışmasına səbəb olan «Optimal Elektroniks» şirkətidir.
Məlumatda deyilir ki, şirkət rəhbərliyi kreditə məişət avadanlıqları verdiyi müştərilərindən əlavə pul qoparmaq üçün yeni vasitəyə əl atıb. Belə ki, şirkət pul ödənişində qismən yubanma olan şəxslərin adlarını təcili komplektləşdirərək, məhkəməyə təqdim edir. Məhkəməylə anlaşaraq, həmin şəxslər barəsində qərar çıxarır. Lakin məhkəmə prosesi dönəmində həmin şəxslər heç nədən xəbərsiz kimi, pullarını ödəməkdə davam edirlər. Amma prosesin sonunda ödənişlərini bitirən şəxslərə məhkəmə qətnaməsi təqdim olunur ki, bəs, guya, həmin şəxslərin «Optimal Elektroniks»ə borcu var və qərara əsasən həmin pul ödənilməlidir.
Aktual.az hazırda belə vəziyyətlə üzləşmiş 4 nəfərin şəxsiyyətini müəyyənləşdirib. Həmin şəxslər artıq sənədlərini hazırlayaraq, məhkəməyə təqdim etməyə başlayıblar. Əldə edilən məlumatlara görə, «Optimal Elektroniks» məsələ böyüdükdən sonra prosesi qismən səngidib. İşin ən ilginc tərəfi odur ki, bu prosesdə şirkət Xətai Məhkəməsinin hakimlərindən biriylə anlaşma əldə edib. Və bütün işlər də ona yönəldilərək, toplu şəkildə qətnamələr çıxarılıb.
Məsələnin geniş məzmunu barədə yaxın günlərdə geniş məlumat verəcəyik.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Aktual.az