"Onlar hər cür təxribata əl ata bilərlər"


Parlament seçkilərini bəhanə gətirərək düşmən qüvvələr Azərbaycanda hər cürə təxribata əl ata bilərlər.

Bunu Milli.Az-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktorunun müavini, təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev Ankarada çoxsaylı insan tələfatı ilə nəticələnən terror aktından sonra Azərbaycanda parlament seçkiləri öncəsi ictimai asayişin və təhlükəsizliyin qorunmasının təmin edilməsinin vacibliyi məsələlərini şərh edərkən deyib.

A.Nağıyev qeyd edib ki, Türkiyədə keçiriləcək növbədənkənar parlament seçkiləri noyabrın ilk gününə təsadüf edəcək. Məlumdur ki, bu il iyunun 7-dən başlayan seçki marafonu bitmək üzrədir və həmin gündən başlayaraq Türkiyə ərazisində 150-dən çox terror aktları həyata keçirilib və təəssüf ki, bunların hamısı insan itkisi ilə nəticələnib: "Bu şənbə baş verən terror aktı isə bütün bunların ən ağırı oldu. Dinc əhaliyə qarşı törədilən belə bir vəhşilik nəticəsində 100-ədək həlak olan və təxminən o qədər də yaralı var. Onu törədənlərin hansı terror təşkilatının üzvü olub-olmamasından asılı olmayaraq, fakt odur ki, bu hadisə siyasi motivlərlə, o cümlədən seçkilərlə bağlıdır. Düşünürəm ki, burada təhlükəsizlik orqanlarının da, ümumiyyətlə, hüquq-mühafizə orqanlarının da öz işlərini düzgün qura bilməməsi göz qabağındadır".

Parlament seçkilərinə hazırlaşan Azərbaycanda da xoşagəlməz hadisələrin baş verə bilməsi ehtimalına gəlincə, ekspert hesab edir ki, Azərbaycandakı vəziyyət Türkiyədəkindən bir qədər fərqlidir: "Çünki Türkiyədə seçkilərdə iştirak edən partiyalardan PKK kimi terror təşkilatı və radikal dini qurumlarla əlaqəli olan və onların dəstəyi ilə siyasi arenaya gətirilən qüvvələr var. Bu gün Türkiyə hakimiyyəti PKK-ya, İŞİD-ə qarşı antiterror əməliyyatları aparır və bu da təbii ki, həmin qüvvələri qıcıqlandırır və onlar bunun qarşılığında əks addımlar atırlar. Yəni bugünkü iqtidar PKK-ya qarşı apardığı antiterror əməliyyatları ilə özünün elektoratını gücləndirir. Nəticə isə bu cür bitir.

Azərbaycanda isə seçkidə iştirak edən siyasi partiyalar və namizədlər arasında öz radikallığı ilə seçilən qüvvələrin təmsilçiləri yoxdur. Lakin bu, o demək deyil ki, tam rahat olmaq lazımdır. Bu gün Azərbaycanın geosiyasi vəziyyəti, eləcə də erməni təcavüzü belə deməyə imkan verir ki, təhlükəsizliyin təmin edilməsi ilə bağlı əməliyyat şəraiti daima nəzarətdə saxlanmalıdır. Silahlı Qüvvələrimiz, hüquq-mühafizə və xüsusi xidmət orqanları həvalə edilən sahədə işini mükəmməl qurmalı və gücləndirilmiş iş rejiminə keçməlidir. Belə ki, parlament seçkilərini bəhanə gətirərək düşmən qüvvələr hər cür təxribata əl ata bilərlər. Bu, həmçinin cəbhə bölgəsinə, sərhədyanı rayonlara, təbii ki strateji obyektlərə, seçki məntəqələrinə də aiddir. Əlbəttə, əhalidən də çox şey asılıdır. Düşünürəm ki, bu gün Azərbaycanda hüquq-mühafizə və digər orqanlar bu seçkilərdə təhlükəsizlik məsələləri ilə bağlı lazımi müvafiq tədbirləri həyata keçirirlər".

// Aktual.az

Xəbər 1295 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR