Milli Onkologiya Mərkəzindəki (MOM) monitorda xəstələrə
verilməli olan dərmanların siyahısı göstərilir. Onkoloji xəstə həmin dərmanların
alınması üçün pul ödəməli deyil. Cərrahiyyə əməliyyatları üçün lazım olan bütün
dərmanlar, sistemlər, ən bahalı antibiotiklər, qaraciyər, böyrək çatışmazlığı
olan onkoloji xəstələr üçün lazım olan preparatlar bu mərkəzdə xəstələrə ödənişsiz
verilməlidir. Onkoloji xəstələrin kimyaterapiyası üçün də tələb olunan dərmanlar
xəstələrə pulsuz verilməlidir. Amma qanunla nəzərdə tutulan bu qayda reallıqda
özünü doğrultmur. Onkoloji dərmanlar məhz Milli Onkologiya Mərkəzinin
yaxınlığında yerləşən apteklərdə satılır. Ölkəyə əsasən onkoloji dərman vasitələri
və preparatları gətirən şirkətlərin başında Milli Onkologiya Mərkəzinin baş
direktorunun müavini Kəmaləddin Qafarov dayanır. Milli Onkologiya Mərkəzi (MOM)
"Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman
preparatlarının alınmasına dair dəfələrlə on milyonlarla məbləğındə müqavilə
imzalayıb.
Uzun illərdir Azərbayacana gətirilən dərman vasitələri və
preparatlarının monopoliyasının bir hissəsini əlində cəmləşdirə bilən Kəmaləddin
Qafarov həm də Milli Məclisin deputatıdır.
www.sehiyye.gov.az saytında nazirliyin tərkibində olan
Milli Onkologiya Mərkəzinin www.nco.az, www.oncology.az, www.onkologiya.az
internet saytlarında onkoloji xəstələrə dövlət hesabına verilən dərman
preparatlarının siyahısının yerləşdirildiyi qeyd olunur.
Web-saytları yoxladıq, sadəcə birincisi açılır. Saytdan
bir o məlumatı əldə edə bildim ki, mərkəzin rəhbərliyi bütün günü
konfranslarda, xarici ölkələrdədir. Nə dərman siyahısı var, nə ölkədə onlokolji
xəstələrin sayı. Burada sadəcə elmi işlər, konfranslar əksini tapıb. Başa düşmədik
bu səhifə elm aləmi üçündür, mərkəzin bir işə yaradığını göstərməkdən ötrü özünə
lazımdır, yoxsa yerli əhalinin informasiya əldə etməsi üçün nəzərdə tutulub. Bədxassəli
şişlərin epidemiologiyası və statistikası şöbəsinin hansı işlə məşğul olduğu
saatlarla növbədə dayanan ağır əməliyyat keçirmiş Sona xalanın nəyinə lazımdır?
Ya da MOM-da aparılan elmi işlərin adları, elmi şuranın üzvləri, dissertasiya
şurasının fəaliyyət hesabatları 3 dəfə borca-xərcə düşüb yoldaşını Ağsudan
müalicəyə gətirən və dərmanların pulunu cibindən ödəyən Baba dayının nə
marağındadır? Biz media orqanı olaraq bu saytdan bir məlumat ala bilmirəmsə,
onlar necə alsınlar? Doğrusu, saytın nəyə yaradığını anlamadım. Saytda
"Onkoloji yardım haqqında” Qanunun adı var, özü yox.