ABŞ prezidenti Barak Obama Amerikada və bütün dünyada yaşayan müsəlmanların Ramazan bayramını təbrik edib.
Aktual.az xəbər verir ki, prezidentin yayımladığı təbrik mesajında deyilir:
“Mən və həyat yoldaşım Mişel Ramazan bayramını qeyd edən ABŞ və dünya müsəlmanlarına ən xoş diləklərimizi çatdırırıq”.
Obama Ramazan ayının müsəlmanlar üçün yenilənmə və yoxsullara yardım etmək ayı olduğunu xatırladaraq bu gün münasibətilə hər kəsi təbrik etmək imkanı qazandığını da bildirib.
O, bu bayramın hər bir amerikalıya bütün din və inanclara sayğı göstərməyin önəmini xatırlatdığını əlavə edib. ABŞ lideri Nyu-York məktəblərinin təqviminə “Yeni il” və “Hanuka” bayramları ilə yanaşı, “Ramazan” bayramının da əlavə olunmasına, Cənubi Karolinadakı kilsə hücumundan sonra kilsələrə gənc bir müsəlmanın 75 min dollar yardım toplanmasına rəhbərlik etməsinə də diqqət çəkib.
Obama mesajını belə tamamlayıb:
“Mən və Mişel bu günün evlərinizə xoşbəxtlik gətirməsini arzulayırıq. Ramazan bayramınız mübarək olsun!”.