"ABŞ ümid edir ki, Rusiya və İran Əsədə təsir edəcək"
ABŞ prezidenti Barak Obama "CBS" teleşirkətinə müsahibəsində bildirib ki, Rusiya hərbi-hava qüvvələrinin Suriyadakı əməliyyatı ABŞ üçün gözlənilməz olmayıb, çünki kəşfiyyat Suriya prezidenti Bəşər Əsədə yardım üçün silahlanmanın qurulmasını diqqətlə izləyib.
"Bizim yaxşı kəşfiyyat qüvvələrimiz var. Biz bilirdik ki, Rusiya Suriyaya hərbi yardım göstərməyi planlaşdırır, çünki Əsəd rejiminin dağılmasınan qorxurdu", - deyə Obama bəyan edib.
Obama hesab edir ki, Rusiyanın Suriya ilə bağlı strategiyası yanlışdır.
"Nə qədər ki, Əsəd hakimiyyətdədir konstruktiv müxalifətin güclərini İŞİD-lə mübarizəyə çevirmək mürəkkəb olacaq"
"Nə qədər ki, Əsəd hakimiyyətdədir konstruktiv müxalifətin güclərini İŞİD-lə mübarizəyə çevirmək mürəkkəb olacaq. Suriyada problemin siyasi nizamlanması üçün bütün əsas oyunçuların iştirakı vacibdir və ABŞ ümid edir ki, Rusiya və İran Əsədə təsir edəcək", - deyə ABŞ prezidenti bildirib.
Obama əlavə edib ki, ABŞ Suriya və İraqa quru qoşunları yeritməyi planlaşdırmasa da, hərbi-hava əməliyyatlarını davam etdirəcək.
"Putin Suriyaya öz qoşunlarını göndərir ki, yeganə müttəfiqini möhkəmləndirsin"
Bir müddət öncə isə Obama bildirib ki, Putin Bəşər Əsəd rejimini müdafiə eləməyə məcbur idi, çünki Suriya regionda Rusiyanın yeganə müttəfiqi idi.
"Və bu gün onların Suriyadakı çoxdan mövcud olan bazaya suriyalıların kömək və xidmət eləməsinə ümid etmək əvəzinə Putin Suriyaya öz qoşunlarını göndərir ki, yeganə müttəfiqini möhkəmləndirsin", - deyə Ağ Ev başçısı qeyd edib.
Xatırladaq ki Rusiya hava-kosmik qüvvələri sentyabrın 30-dan Suriya prezidenti Bəşər Əsədin xahişi üzrə terrorçuların bu ölkə ərazisindəki mövqelərinə dəqiq zərbələr endirməyə başlayıb.