Qlobal rəqabətlilik qabiliyyətinə görə Davos İqtisadi Forumu Azərbaycanı 40-cı yerdə qərarlaşdırıb.
Aktual.az AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
Prezident qeyd edib ki, bu göstəriciyə görə Azərbaycan MDB-də birinci yerdədir.
Ölkədə maliyyə intizamının gücləndirilməsinin, izafi xərclərə yol verilməməsinin vacibliyini deyən dövlətimizin başçısı bildirdi ki, prioritet təşkil etməyən layihələrə vəsaitin ayrılması dayandırılmalı, büdcə xərclərinin strukturuna yenidən baxılmalı və büdcə vəsaiti qənaətlə işlədilməlidir:
“Bundan əlavə, sahibkarlar vergiləri vaxtında ödəməli, onların qarşısında əsassız ödəmələrlə bağlı tələb qoyulmamalıdır”.
Korrupsiya ilə mübarizə hallarının daha da gücləndirilməsinin, bu sahədə sistem xarakterli islahatların davam etidirilməsinin, “ASAN xidmət”in fəaliyyətinin genişləndirilməsinin zəruri olduğunu deyən Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ictimai nəzarətin də gücləndirilməsinin əhəmiyyətindən danışdı.
Dövlətimizin başçısı dedi ki, ölkədə dayanıqlı inkişafın təmin olunması üçün bundan sonra da sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılmalı, xarici sərmayələr daha çox qeyri-neft sektoruna cəlb olunmalı, biznes mühiti yaxşılaşdırılmalı, yoxlamaların tənzimləmə mexanizmləri hazırlanmalı, yoxlamaların və lisenziyaların sayı kəskin şəkildə aşağı salınmalıdır.
Prezident İlham Əliyev kənd təsərrüfatının və sənayenin inkişafı, meliorativ tədbirlərin görülməsi, yeni əkin sahələrinin yaradılması, bundan əlavə, dərman bazarında vəziyyətə nəzarətin daha da gücləndirilməsi, metronun yeni stansiyalarının tikintisinin davam etdirilməsinin də vacibliyini diqqətə çatdırdı.