Xəbər verdiyimiz kimi, dekabrın 7-də Prezident İlham Əliyevin verdiyi sərəncamla 2024-cü il 7 fevrala növbədənkənar prezident seçkiləri təyin edilib.
Aktual.az xəbər verir ki, bu, Azərbaycanda ardıcıl olaraq ikinci növbədənkənar prezident seçkisidir.
Bildirək ki, Azərbaycan Respublikası Konstitusiyanın 104-cü və 107-ci maddələrinə əsasən, həmçinin Konstitusiyanın 101-ci maddəsinin I hissəsinin ikinci cümləsinə əsasən, Prezident növbədənkənar prezident seçkilərini elan etdiyi gündən başlayaraq, bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir. Bu, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 179-cu maddəsində əksini tapıb.
Seçki Məcəlləsinə əsasən, siyasi partiya, siyasi partiyaların bloku və yaxud seçicilərin təşəbbüs qrupları prezidentliyə irəli sürdükləri namizədin müdafiəsi üçün 40 mindən az olmayan sayda seçici imzası toplamalıdırlar. Bir seçici yalnız bir namizədin müdafiəsi üçün imza ata bilər.
Seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Bu, Seçki Məcəlləsinin 189-cu maddəsində (Prezident seçkiləri zamanı kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqatın aparılması üçün xüsusi tələblər) qeyd olunub.
Məcəllənin 203-cü maddəsində isə (Prezident seçkilərinin nəticələrinin müəyyən edilməsi) deyilir ki, Konstitusiyanın 101-ci maddəsinin II hissəsinə əsasən, prezidentliyə namizədə səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu səs verdikdə, o, Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.
Seçki məntəqələrinin 2/5 hissəsindən çoxunda səsvermənin nəticələri etibarsız sayıldıqda və ya ləğv edildikdə Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin nəticələrini etibarsız sayır, bir şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.
Bundan başqa, Məcəllənin 206-cı maddəsində (Təkrar Prezident seçkiləri) qeyd olunub ki, prezident seçkilərinin nəticələri Konstitusiya Məhkəməsi tərəfindən etibarsız hesab edilərsə və Azərbaycan Respublikasının Prezidenti seçilməzsə, Mərkəzi Seçki Komissiyasının qərarı ilə təkrar prezident seçkiləri təyin edilir. Xatırladaq ki, müstəqil Azərbaycan tarixində heç vaxt təkrar prezident seçkiləri keçirilməyib.
Xəbər 620 dəfə oxunub.