Ünvanlı sosial yardım dayandırılacaq? - Rəsmi açıqlama

Ünvanlı sosial yardım dayandırılacaq?   - Rəsmi açıqlama

“Bir sıra KİV-lərdə Azərbaycanda ünvanlı dövlət sosial yardımı proqramının dayandırılması barədə yayılan məlumatların heç bir əsası yoxdur və belə şaiyə xarakterli məlumatlar ictimai rəyi çaşdırmağa yönəlib”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev qeyd olunan məsələyə aydınlıq gətirərkən deyib.

O bildirib ki, hazırda ölkədə mühüm sosial proqramlardan biri olan və əhalinin aztəminatlı hissəsinin yoxsulluğun doğurduğu çətinliklərdən qorunmasına yönələn ünvanlı dövlət sosial yardımı proqramının icrası işləri uğurla davam etdirilir və 532 min nəfərdən artıq ailə üzvünü əhatə edən 124 mindən çox ailə ünvanlı dövlət sosial yardımı ilə təmin edilir. 

Sosial yardımların ödənişi avtomatlaşdırılmış qaydada aparılır və hər hansı bir məmurun iradəsindən asılı deyil: “Cari ilin fevralından tətbiqinə başlanılan Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) ölkəmizdə sosial yardım təyinatı sisteminin müasir əsaslar üzərində qurulmasına, aztəminatlı ailələrin bu yardım növündən daha şəffaf şəraitdə, heç bir məmur müdaxiləsi olmadan faydalanmalarına imkan yaradıb. Ötən müddətdə 48 844 nəfər ailə üzvü olan 12 383 ailəyə VEMTAS tərəfindən avtomatlaşdırılmış rejimdə ünvanlı dövlət sosial yardımı təyin edilib. Mükəmməl proqram təminatları üzərində qurulan bu sistem vasitəsilə ailələri təmsil edən vətəndaşların elektron şəkildə müraciətlərinin qəbulu, bu müraciətlərin sistem tərəfindən avtomatlaşdırılmış şəkildə araşdırılması və qərar verilməsi prosesi adi qaydada davam etdirilir”.

E.Babayev vurğulayıb ki, ünvanlı dövlət sosial yardımı proqramının davam etdirilməsi ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli sərəncamına əsasən, aztəminatlı ailələrdəki əmək qabiliyyətli ailə üzvlərinin əmək potensiallarının reallaşdırılması, onların özünüməşğulluğuna şərait yaradılması istiqamətində də işlər aparılır: "Sərəncam əsasən, əhalinin özünüməşğulluğunun təmin olunması üçün 6 milyon vəsait ayrılıb. Həmin vəsait hesabına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkə üzrə təqribən 1 400 ailənin özünüməşğulluq proqramlarına cəlb olunması, əmək qabiliyyətli ailə üzvləri olan belə ailələr üçün kiçik ailə təsərrüfatlarının yaradılması planlaşdırılır. Sadəcə olaraq aktiv məşğulluq tədbirlərinə cəlb edildikdən sonra öz gəlirlərini adambaşına ehtiyac meyarından yuxarı təmin etmək imkanlarına yiyələnəcək ailələrin ünvanlı sosial yardım proqramından çıxaracağı nəzərdə tutulur. Yəni burada əsas məqsəd ölkədə aztəminatlı ailələr üçün dayanıqsız passiv sosial təminat tədbirlərindən dayanıqlı aktiv məşğulluq proqramlarının tətbiqinə keçidi təmin etməkdir. Lakin bu işlər ölkədə aztəminatlı ailələrlə bağlı dövlət sosial yardımı proqramının dayandırılacağına dəlalət etmir və özlərindən asılı olmayan səbəblərdən yoxsulluq vəziyyətində yaşayan ailələrin dövlətin sosial yardımları ilə təmin edilməsi prosesi qarşıdakı dövrdə də davam etdiriləcək”.//Report

Xəbər 1486 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR