“Sistem artıq hazırdır”.
Hazırda Azərbaycanda 100 mindən çox ailəyə hər ay orta hesabla 153 manat ünvanlı sosial yardım ödənilir.
Aktual.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazirliyin yanında Dövlət Sosial Təminatı Xidmətinin rəisi Çingiz Əliyev bildirib.
“Ünvanlı dövlət sosial yardımı sisteminin elektron əsaslar üzərində avtomatlaşdırılmış infrastrukturu artıq hazırdır və mükəmməl proqram təminatları əsasında qurulan bu elektron sistem sınaq testləri əsasında təkmilləşdirilir.
Vətəndaşların ünvanlı yardımla bağlı elektron şəkildə edəcəkləri müraciətlərə baxılması üçün onlara dair müvafiq məlumatların əldə olunması üçün digər aidiyyəti qurumlar tərəfindən müvafiq informasiya resurslarının “Elektron hökumət” portalında yerləşdirilməsi işləri aparılır” - deyə, xidmətin rəisi qeyd edib.
Bundan başqa, Xidmətin rəisi vurğulayıb ki, Prezident aylıq təqaüdləri alanların sayı artıb:
“Cari ilin 9 ayı 53 962 nəfərə Azərbaycan Prezidentinin aylıq təqaüdləri ödənilib. Ümumilikdə hesabat dövründə ötən ilin müvafiq dövrü ilə müqayisədə, Prezidentin aylıq təqaüdlərini alanların sayı 3066 nəfər (6%) artıb”.