Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımlarının ünvanlılıq prinsipi əsasında məhz əhalinin aztəminatlı hissəsinə yönəldilməsi, bu sahədə şəffaflığın təmin olunması daim diqqətdə saxlanılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu istiqamətdə ciddi nəzarətin həyata keçirilməsi ünvanlı dövlət sosial yardımı ödənilən ailələrin sayının cari ilin noyabr ayında da azalması ilə müşahidə olunub. Belə ki, ötən ay bu yardımı alan ailələrin sayı əvvəlki oktyabr ayı ilə müqayisədə 4291 ailə və ya 3,8 faiz azalaraq 108 094-ə enib. Həmçinin yardım ödənilən ailə üzvlərinin sayı 19947 nəfər (4,1 faiz) azalmaqla 466 131 nəfər təşkil edib.
Noyabr ayında respublikamızda ünvanlı dövlət sosial yardımlarının hər ailəyə ödənilən orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faizədək artaraq 153,22 manat olub.
Ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrdəki ailə üzvlərinin 47,6 faizi, yəni 222 028 nəfəri yaşı 18-dək olan şəxslərdir ki, onlardan 5178 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır. Həmçinin bu yardımları alan ailələrin 30442-i (28,1 faiz) tərkibində üç və daha çox uşağı olan ailələrdir. Ünvanlı dövlət sosial yardımı ödənilən ailələrdə 5441 nəfər 1 yaşadək uşaq var ki, onların hər birinə görə əlavə olaraq aylıq sosial müavinət də ödənilir.
Azərbaycan Prezidenti İlham Əliyevin 23 fevral 2015-ci il tarixli fərmanının icrası olaraq, ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılmış rejimdə fəaliyyətinin təşkili üçün yaradılmış proqram təminatlarının istifadəyə hazırlıq işləri artıq başa çatdırılıb. Hazırda elektron şəkildə ediləcək müraciətlər əsasında ailələrin ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması üçün onlara dair müvafiq arayış və məlumatların aidiyyəti qurumlar tərəfindən "Elektron hökumət" portalındakı informasiya sistemləri və ehtiyatlarına əlavə edilməsi işləri yekunlaşmaqdadır.