Şəkərbura
Tərkibi:
250 qr əla növ buğda unu
60 qr ərinmiş yağ
80 qr süd
1 ədəd yumurta
8 qr maya
Duz
İç üçün: 200 q badam və ya fındıq
200 q şəkər tozu
0,4 qr hil
Hazırlanması:
Südü ilıq olana qədər qızdırın, maya, duz, yumurta, ərinmiş yağ və ələnmiş un qatıb bərk xəmir yoğurun. 1-1,5 saat saxlayın. Hər biri 50 qram olmaq şərtilə balaca kündələr edib 2 mm qalınlığında yayın, arasına iç qoyub kənarlarını vintvari bükün. Üzərinə müxtəlif naxışlar vurub, 160-180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin.
İç üçün badamı və ya fındığı qovurub maşından keçirin, 1:1 nisbətində şəkər əlavə edib qarışdırın. Ətirli olması üçün döyülmüş hil qatın.
Bakı paxlavası
Tərkibi:
250 qr əla növ buğda unu
60 qr ərinmiş yağ
80 qr üzlü süd
1 ədəd yumurta
8 qr maya
0,4 qr zəfəran
0,2 qr vani
20 qr bal
İçi üçün:
200 qr badam və qoz ləpəsi
200 qr şəkər
Hazırlanması:
Xəmirin yoğrulması və için hazırlanması şəkərburada olduğu kimidir. Xəmiri 0,5 mm qalınlığında yayın. Tavaya yağ sürtüb xəmiri ora sərin. Üstünə 3-4 mm qalınlığında iç tökün. İçliyin üstünə ikinci xəmir qatını salıb yağlayın və yenidən içlik tökün. Bu prosesi 8-10 qata qədər davam etdirin. Sonra 10x4 sm ölçüdə romb şəklində paxlava kəsin. Üst qatına zəfəran şirəsi qatılmış yumurta sarısı çəkin. Hər paxlavanın ortasına yarım ləpə və ya püstə qoyub 180-200 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə bişirin. Hazır olmağa 15 dəqiqə qalmış üstünə şərbət və ya bal tökün.
Şor qoğal
Tərkibi:
30 qr maya
1 ədəd yumurta
0,5 litr qızdırılmış süd
1 kq un
250 qr yağ
İç: Buğda unu, duz, sarıkök, istiot, razyana, cirə, ərinmiş yağ.
Hazırlanması:
Şor qoğalı üçün kündələrin sayı mütləq deyil, amma 8-dən az olmamalıdır. Kündələr nazik yayılır, taxtanın üstünə qoyulub hər laya yağ sürtülür. Laylar üst-üstə yığılır. Sonuncu laya yağ sürtülmür. Layları iri kvadratlara doğranıb rulet kimi bükülür. Bükümlər burub yastılanır və kisəcik şəklinə salınırlar. Kisəciyin içinə iç qoyub, qıraqlarını yığılır və kökə şəklinə salınır.
Ortasında işarə barmağı ilə çuxur açıb bir az içdən qoyun. Səthinə çalınmış yumurta sürtülür, xaşxaş səpilir və 180 dərəcə qızdırılmış sobada 20-25 dəq. bişirilir (qızaranadək). (news.atv.az)