"ABŞ dövlət katibi Con Kerrinin liderlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə hazır olmadığı barədə bəyanatı Azərbaycanı təəccübləndirir və məyus edir".
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
N.Məmmədov bildirib ki, münaqişənin tənzimlənməsində iştirak edən superdövlətin dövlət katibinin hakimiyyətdən getmə, seçki ərəfəsində belə bir bəyanat verməsi təəccüb doğurur: "Bunun qəribə bir mənası var, sanki dünyaya bir mesajdır. Məhz Ermənistan münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlarda liderlərin münaqişənin həllinə hazır olmadığını iddia edir. Tutaq ki, danışıqlarda tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağla bağlı fikir mübadiləsi aparılır. Bəs Azərbaycanın Dağlıq Qarabağ ətrafında olan və 760 minə qədər insanın məcburi köçkün həyatı yaşamasına səbəb olan 7 rayonunun 25 ildən artıq işğal altında qalmasını nə ilə izah etmək olar? Əgər Ermənistan bu 7 rayonu azad edəcəksə, buna bir hazırlıq lazım deyilmi? Bunun üçün isə əsas missiya ABŞ da daxil olmaqla, ATƏT-in Minsk qrupunun 3 üzvünə verilib. Ancaq hələ bu sahədə çox böyük uğur əldə olunmayıb".
PA rəsmisi qeyd edib ki, Ermənistan işğalçı bir dövlətdir: "ABŞ da Azərbaycan torpaqlarının azad edilməsi üçün BMT Təhlükəsizlik Şurasında 4 qətnamənin qəbuluna səs verib. Bununla bağlı bir çox beynəlxalq təşkilatlarda qətnamələr və qərarlar qəbul edilib. ATƏT-in Minsk qrupuna üzv olan 3 dövlətin prezidentləri də status-kvonun dəyişməli olduğunu bəyan ediblər. Bütün bunları əsas götürüb, heç olmasa, Azərbaycanın Dağlıq Qarabağ ətrafında 7 rayonunun azad edilməsi haqqında bir cümlə deyə, mövqe bildirəydilər, sonra deyəydilər ki, liderlər münaqişənin həllinə hazır deyillər. Ona görə də Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir. İstərdik ki, ABŞ-ın hansısa dövlət qurumu ətraflı, hamının başa düşəcəyi tərzdə Con Kerrinin bəyanatına aydınlıq gətirsin".