Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) rəhbərliyində dəyişikliklər olub.
AAAF-ın mətbuat xidmətindən verilən məlumata görə, qurumun prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev yeni vitse-prezident, Rizvan Rəsulov isə baş katib təyin edilib. Rəsulov bu postda Yavər Hacıyevi əvəzləyib.
Yığmamızın “sükanı arxası”na yeni baş məşqçi gətirilib. Bundan sonra əsas komandamıza rəhbərliyi Tofiq Heydərov edəcək. O, bu postda Nizami Paşayevi əvəzləyib.
Yeni vəzifələrə təyinatdan sonra Əsgərov müşavirə keçirib və idmançılar tərəfindən qadağan olunmuş stimullaşdırıcı preparatlardan istifadə olunmasının təkrarlanmamağına qarşı ciddi tədbirlərin görülməsi barədə tapşırıq verib.
Hazırda federasiyada Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq gedir. Ən yaxın zamanda Azərbaycanın ağır atletika üzrə yığmasının heyəti formalaşdırılacağı bildirilir.
Antidopinq qaydalarının pozulmasında ittiham olunan dünya və Avropa çempionu Boyanka Kostovaya gəlincə isə, Azərbaycan AAAF Beynəlxalq Ağır Atletika Federasiyasına apelyasiya şikayəti göndərib. Federasiya qısa müddətdə apelyasiya şikayətinin müsbət həllini tapacağına və idmançımızın 2016-cı il Yay Olimpiya Oyunlarında iştirak edəcəyinə ümid edir. Lakin bunun üçün onun “wild card” alması da rol oynayacaq.
Qeyd edək ki, ona kimi 6 ağırlıqqaldıranımız dopinqdə “ilişib” və cəzalanıb.//Apasport.az