"Niyə övladımı qaralayıb başımı aşağı edirsiniz?" -Rafael Dadaşov


Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Rafael Dadaşov APA-ya müsahibə verib.

Aktual.az həmin müsahibəni təqdim edir.

- Rafael müəllim, ilkin müşahidəmi deyirəm: jurnalistlərdən bərk inciksiniz. Mətbuata verdiyiniz açıqlamalarınızda hətta aqressiv, qəzəbli cavablarınızı da oxumuşam...

- Məsələ ondadır ki, jurnalistlər mənim haqqımda qarayaxma apara bilməzlər. Həyatda özümü elə aparıram ki, onların nə isə xoşagəlməz şeylər yazması mümkün deyil. Sadəcə, jurnalistlər qızımı müzakirəyə çıxarırlar, onun haqqında yazırlar, bu da düzgün deyil. Sənətkar övladını müzakirəyə çıxarmazlar. Çalışırlar, qızım haqqında xeyir sözlərdənsə, şər sözləri işlətsinlər. İstəmirəm kobud danışam, yoxsa qaralamağa qalsa, əstəğfürullah, mən də elə qaralayaram, yeddi qatdan keçər. Mətbuatdan incikliyim övladımla bağlıdır. Çünki sənətkar olmaqla bərabər, özümü elə aparıram ki, lazımsız söz-söhbətə səbəb olmayım. Kimsə axtarıb nə isə tapmaq istəyəndə, tez qızıma sataşır. Mən sizin vasitənizlə xahiş edirəm: jurnalistlər belə şeyləri etməsinlər. Qızım haqqında danışanda mənə toxunurlar. Əgər mənim sənətim haqqında yüksək fikirdəsinizsə, başqa tərəfdən niyə övladımı qaralayıb başımı aşağı edirsiniz?

Qoqolun “Müfəttiş” əsərində bələdiyyə sədri rolunda çıxış edirsiniz. Məşqlər nə yerdədir?

- “Müfəttiş”in Akademik Milli Dram Teatrına gəlişi yaxşı hadisədir. Çünki bu tamaşa uzun müddətdən sonra səhnəyə qoyulur. Klassik əsərləri repertuara daxil etmək vacibdir. Ümumiyyətlə, teatr hər zaman klassik əsərlərlə qiymətli olub. Sevinirəm ki, “Müfəttiş” bizim teatrda səhnəyə qoyulub və baş rol da mənə həvalə olunub. (Gülür). Bizim hörmətli direktorumuz İsrafil müəllimin təklifi ilə ötən il bu əsər plana daxil edildi və təklif etdi ki, bələdiyyə rəisini Rafael Dadaşov oynasın. Hələ ki, məşqlər davam edir, axtarışlar aparılır, düzəlişlər olunur. “Müfəttiş”dəki ab-hava, dövr, quruluş tamam başqadır. Əgər mən o zamanda olsaydım, əlbəttə, istəyərdim, vəzifəm bələdiyyə rəisi olsun və mən yaxşı yaşayım. (Gülür). Həmin obrazı yaratmaq, tamaşaçıya düzgün çatdırmaq aktyor kimi borcumdur.

- Gənc rejissorla işləməyin üstünlüyü, çətinliyi nədədir? 

- Bilirsiniz, mən müşahidə edirəm. Bir var, rejissora tabe oluram, nə deyirsə, onu edirəm, bir də var, müşahidə edirəm ki, görüm, nizamı düz verirmi, düz işləyirmi. Mənim səhnə təcrübəm deyərdim ki, bir neçə rejissorun təcrübəsinə bərabərdir. Özüm hiss edirəm ki, nə düzdür, nə yolunda getmir. Amma susuram ki, görüm, rejissor nə deyəcək, mən düşündüyümü edə biləcəkmi? Görürəm, yox, bizim gənc rejissorlar hələ o səviyyədə deyil, onlar hazır deyillər. İkinci tərəfdən bu gün internetdə o qədər hazır tamaşalar var, gir tamaşanın formasını oradan götür, bura qoy. Hazır tamaşalar o qədərdir, deyərdim, tamaşa hazırlamaq elə də çətin deyil. Baxıb, nəyə isə oxşadacaqsan də!

- Rejissorlardan kimə tabe olmusunuz? 

- Birinci növbədə Tofiq Kazımova. Ona çox inanmışam və bu teatra da onun mənə olan inamına görə gəlmişəm. Məmnuniyyətlə işləmişəm Ələsgər Şərifovla. Mənim üçün vacib olan Tofiq Kazımovun yüksək sənətkarlığı idi ki, onun inamı ilə bu yerə gəlib çatmışam. Düzdür, Mehdi Məmmədovla da işləmişəm, amma əsasən Tofiq Kazımova tabe olmuşam. Mərahim Fərzəlibəyovla da uzun illər işləmişik. Onun gözəl xüsusiyyəti var ki, yaxşı səhnə quruluşu verir. Düzdür, aktyorla işləmək qabiliyyəti siz deyən yoxdur. Yəni hər şeyi aktyorun öhdəsinə buraxır ki, özün tap, işlə, oyna. Amma ümumi kompozisiyası gözəl və maraqlı olur.

- İllər keçəndən sonra aktyorun gənclik həyəcanı ilə təcrübəli vaxtlarının həyəcanı arasında fərq olur, yoxsa püxtələşəndən sonra sənətkar üçün çox şey adiləşir? Məsələn, elə sizi götürək...


- Əlbəttə, o dövrlə indiki vaxt arasında böyük fərq var. O dövrdə mən böyük aktyorlarla səhnəyə çıxırdım və təbii ki, onun həyəcanını yaşayırdım. Ümumi cəhət odur ki, mən o vaxt da təbii idim, indi də təbiiyəm.

- Bəs məsuliyyət hissində, işə münasibətdə?

- O vaxt da məsuliyyətli idim, indi də məsuliyyətliyəm. Necə ola bilər, aktyor səhnədə məsuliyyətsiz olsun? Mən sənətkar övladıyam. Nənəm də, anam da, atam da sənətkar olub. Onların işə olan münasibətini, məsuliyyətini görmüşəm. Ona görə də öz işimə heç vaxt səthi, qeyri-ciddi yanaşmamışam. Zalda beş nəfər də olsa, imkan vermərəm tamaşaçı “bu nə oyun idi, Rafael göstərdi” desin. Mən Sofya xanımın, Məlik müəllimin oğluyam. Həyatda da, səhnədə də özümü məsuliyyətsiz apara bilmərəm ki, kimsə desin, elə ata-anadan belə oğul?

- Neçə yaşınızdan sonra hiss elədiniz ki, sizi Məlik Dadaşova, Sofya Hüseynovaya görə yox, özünüzə görə tanıyırlar?

- Bu gün də istəyirəm məni atama-anam görə tanısınlar. Məsələn, istəyirəm, oğluma görə məni tanısınlar. Desinlər, Rafael filankəsin atasıdır. Amma arzu etmirəm ki, atamı-anamı mənə görə tanısınlar. Çünki onlar elə səviyyəyə qalxmışdılar ki, ora çatmaq mümkün deyil.

- Məlik Dadaşova münasibət birmənalı olmayıb, onu istəməyənlər çox olub. Gəncliyinizdə sizə münasibətdə bunun təsiri olubmu?

- Bilirsiniz, Məlik müəllimin hüququ var idi ki, narazılığını, tələblərini hər yerdə desin. Ona görə də belə şeyləri kəskin şəkildə deyirdi, dilə gətirirdi və haqlı idi. Bir var başını aşağı salırsan, axınla üzürsən, bir də var, Məlik müəllim kimi liderlik keyfiyyətlərin olur və ondan istifadə edirsən. Onun ətrafında olan bəzi insanlar münasibətlərinə övladı da qatırdılar. Mən bunu çox kəskin şəkildə öz həyatımda hiss etmişəm. Məsələn, uzun müddət ad almamışam. Bu nəyin nəticəsidir? 60 yaşında xalq artisti olmuşam. Halbuki, 30 yaşımdan populyaram. Hamıdan gec ad aldım, hamıdan gec ev aldım. Nəyə görə bir çox tədbirlərdə iştirak etməmişəm, filmlərə çəkilməmişəm? Bütün bunların səbəbi atama olan münasibətə görə olub. Elə bilirsiniz, Məlik müəllim özü yağ-bal içində yaşayırdı? Onu yaşadan xalqın sevgisi, məhəbbəti, sənətinə olan böyük diqqət idi. Elə bilirsiniz, atam hər şeydən razı getdi? Yox! Hətta 70 illiyini də qeyd etmədilər.

- Sizin və atanızın dostları haqqında danışaq...

- Atamı deyə bilmərəm, mənim sənət dostum yoxdur. İnanmıram ki, onun da sənət dostu olub. Siz mənə o adamı göstərin ki, dost deyilən kəsdən ziyan çəkməsin. Yoldaşlıq etdiyim, oturub-durduğum adamlar var, onlarla dərdləşə də bilərəm, amma dost bir az çətin məsələdir.

- Şöhrəti gündəlik həyatınızda hansı şəkildə hiss edirsiniz?

- Hansı şəkildə deyirsinizsə, o cür də hiss edirəm. Hətta sizə deyim, adamlar var, mənim şəklimi telefonunda saxlayır, yeri gələndə, mənimlə bir yerdə olan şəklini başqalarına göstərir. Bu, mənə insan kimi, aktyor kimi yaşamaq, yaratmaq üçün kömək edir. Cavan olanda mənə yaraşıqlı oğlan kimi münasibət bəsləyirdilərsə, indi sənətkar kimi baxırlar. Heç vaxt şöhrətpərəst olmamışam. Hətta özüm bəzən tanınmağın kompleksini yaşamışam, bəzi yerlərdə rahat ola bilməmişəm. Tanınmaq insanı məcbur edir ki, özünü yığışdırsın. Sizə açıq deyim: demək olar, zarafat etmirəm. Çünki mənimlə də zarafat edə bilərlər və bu, mənə xoş gəlməyə bilər. Anam həmişə mənə deyirdi, istəsən də, istəməsən də Allah sənə şöhrəti, sevilməyi verib. Bu, hər aktyora nəsib olmur. Şöhrət rütbəyə çatmaq, ad qazanmaq deməkdir. Qazandığın sevgini qorumaq da adama asan başa gəlmir. İndiyə qədər özümü elə aparmışam ki, bir adam haqqımda əyri danışa bilməz.

- Hacı İsmayılov bizimlə müsahibədə demişdi ki, tanınmağıma görə qohumlar işlə bağlı, düşdükləri çətinliklə bağlı ağız açırlar ki, məsələn, uşağı işə düzəlt, filankəsə zəng et tapşır və s. Sizdə vəziyyət nə yerdədir, uşağı işə düzəltdirmək üçün sizə müraciətlər olur?

- Hacı müəllim çox populyar və sevilən aktyordur. Ona görə düz deyir, insan tanınanda ondan kömək istəyirlər. Çünki sənin əlin hansısa qapılara çatır. Anam həmişə deyərdi, bəzi yerlərə gedəndə sən mənim yanımda ol. Deyirdim, nə danışırsan, sən xalq artistisən, “Şöhrət” ordeni almısan, mənə nə ehtiyac duyursan, özün o qapını döyərsən də, açarlar da. Deyirdi, yox, mən başqa, sən başqa. Tanınmaq, sevinmək tamam başqa hissdir. O mənada, adama övladın da, ətrafın da köməkliyi dəyir. Məsələn, bizim əmimiz qızı Brilyant Dadaşova. Tanınan, sevilən adamdır, bütün qohum-əqrəba üz tutur ki, kömək et, filan işi həll elə. Bizdə daha çox qadınlardır, ona görə sözləri olanda çox vaxt Brilyanta deyirlər. Amma yeri gələndə, məni də qoşurlar. Əl tutmaq, kömək etmək gözəl şeydir. Deyir, əl tutmaq Əlidən qalıb. Amma biz öz gücümüzdən artıq kömək edə bilmərik. Çox təəssüf ki, sənin ümid etdiyin qapı üzünə açılmır. Ya da açılırsa, həll etmirlər. Bax, bu pisdir. Çünki sən kimisə ümid edirsən ki, mən gedərəm, zəng edərəm. Özü də tam təmənnasız. Əstəğfürullah, öz payıma deyirəm ki, kimdənsə nə isə götürürəm. Qətiyyən! O qədər adama kömək eləmişəm ki... Elə Naxçıvanın özündə kömək ediblər, qardaşım üçün çox şeyi həll etmişəm. Naxçıvan əhlinə minnətdaram,  sağ olsunlar. Amma elə vaxtlar olub, çox pis olmuşam, ağız açmışam, etməyiblər. Eləyin də, nə olar, kömək edəndə pis olur? Xahiş etmişəm, filankəs işsizdir, iş verin, ailəsini dolandırsın. Adamı arxayın etmişəm ki, danışdım, sənə iş verəcəklər, sonra zəng edib ki, düzəlmədi...

- Dolanışıq necədir? 

- Şükür, şikayətim yoxdur. Allah ulu öndərimizə qəni-qəni rəhmət eləsin. 2002-ci ildə gözəl təşəbbüslə teatra gəldi ki, sizə təqaüd verəcəyəm. Cənab prezident İlham Əliyevdən çox razılıyıq, atasının yolunu ləyaqətlə davam etdirir, bizim imkanları bir az da artırıb. Min manat prezident təqaüdü alıram, mənim üçün böyük köməkdir. Anama deyirdim, neçə ildir teatrda külüng vurub nə qazanmısan? Deyirdi, hər şeyi qoyuram bir kənara, bu yaşlı vaxtımda prezident təqaüdü alıram, mənə böyük kömək olur, əlimdən tutur.

- Toylara tamada gedən aktyorların həmişə tərəfində olmusunuz, onlara haqq qazandırmısınız. Aktyorun toya getməsinə pis baxanlar da olur...

- Aktyor tam təmin olunubsa, adamı çağırıb deyərlər, sənin nədən korluğun var ki, toya gedirsən? Məsələn, ayda 3 min manat pul alan adam 50 manata görə niyə toya getməlidir? Amma cavan aktyorlar toya getməyib nə ilə dolansınlar? Ev yox, dolanışıq yox, insan bəs necə yaşasın? Mən vaxtilə toya getmişəm, tamadalıq etmişəm. Kişi heç vaxt pul qazanmaqdan utanmamalıdır. 

Xəbər 1544 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR