Sabirabad rayon sakini, 1991-ci il təvəllüdlü Ağanəzər Umudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Aktual.az teleqraf.com-a istinadən xəbər verir ki, Ağanəzər Umudov Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsində kirayədə yaşayıb.
Ağanəzər Umudov Suraxanı qəsəbəsində yerləşən bazara gəlib. O, bazarda Elman Səfərovun işlətdiyi paltar mağazasında ictimai qaydanı pozub və Elmanı amansızcasına döyüb.
Buna səbəb Elman Səfərovun onun nişanlısı Samirə Mehdiyevanın (ad və soyad şərti verilib) əxlaqsız olması barədə şayiələr yayması olub. Bunu bəhanə edən Ağanəzər Umudov Elman Səfərovun bədəninin müxtəlif nahiyələrindən yumruq və təpik zərbələri ilə vurub.
Bununla da Ağanəzər Umudov Elman Səfərova sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirib.
Bu zaman onun hərəkətlərinin qarşısını alan Elman Səfərovun qohumu Arzuman Bəkirova müqavimət göstərib. O, bıçaqla Arzuman Bəkirovun qarın nahiyəsindən vurub.
Arzuman Bəkirov xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Ağanəzər Umudov Cinayət Məcəlləsinin 126.2.2-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində sağlamlığa xəsarət yetirmə), 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa xəsarət yetirmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ağanəzər Umudov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ağanəzər Umudov apellyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu deyib. Bildirib ki, Elman Səfərov onun nişanlısının əxlaqsızlıq etdiyini deyib. Buna görə də onunla mübahisə edib.
Ağanəzər Umudov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini xahiş edib. Apellyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsində, hakim Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Hakim kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan ediblər. Qərara görə, Ağanəzər Umudovun apellyasiya şikayəti təmin edilməyib.
Bundan sonra Ağanəzər Umudov kassasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
Ağanəzər Umudov bildirib ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları tam və hərtərəfli araşdırılmayıb, onun əməlində xuliqanlıq cinayətinin əlaməti olmayıb, həmçinin cəza təyin edərkən cəzanı yüngülləşdirən hallar nəzərə alınmayıb.
Hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə Ağanəzər Umudovun kassasiya şikayəti araşdırılıb. Hakim kollegiyası Ağanəzər Umudovun kassasiya şikayətini rədd edib.
Aktual.az
Xəbər 2111 dəfə oxunub.