Ermənistan Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulmasının məsuliyyətini Rusiyanın üzərinə yıxır:
- Paşinyan bəyan etdi ki, Laçın yoluna Rusiya sülhməramlılarından başqa heç kim nəzarət etməməlidir;
- Armen Qriqoryan isə bir qədər də irəli gedərək, "Laçın yolunun Rusyanın mənsubiyyətində olduğunu” iddia etdi: 10 noyabr bəyanatında söhbət "nəzarət”dən gedir və Qriqoryanın "mənsubiyyət” məsələsini hardan çıxartdığını erməni siyasətçilər də anlaya bilmir.
Bu iddialar üzərindən qurulan təbliğat İrəvanın hədəfini anlamağa imkan verir: Qarabağın tamamilə "itirilməsi”nə görə məsuliyyəti Moskvanın üzərinə yıxırlar; Prosesdən "tərəf” olmaqda yayınır və Qarabağda Bakı və Mokvanı üz-üzə qoymaq istəyirlər;
Qriqoryanın "mənsubiyyət” iddiasını da məhz antirusiya təbliğatının bir qədər də körüklənməsinə hesablanmış "yanlış” kimi qəbul etmək olar.
Ermənistanın məsuliyyətdən yayınacağı, Qarabağı Bakı-Moskva xəttində problemə çevirəcəyi gözlənilirdi. Laçın postundan sonra bu istiqamətdə siyasi-informativ kampaniyanı sürətləndiriblər. Hərçənd, Paşinyan hakimiyyətinin proseslərin arxasında daha böyük niyyətinin olduğu da görünür: Rusiyanı Ermənistandan tamamilə çıxarmaq!
Son iki gün Ermənistanda hakimiyyətin sifarişi ilə qurulan təbliğat da bu yöndədir: "Rusiya Qarabağda məsuliyyətini yerinə yetirə bilmirsə, bu, onların ümumilikdə Cənubi Qafqazdakı mövcudluğunu sual altına salır”; "Qarabağı qoruya bilməyən Rusiya Ermənistanı da qoruya bilməz”.
Ekspert-media cameəsi üzərindən aparılan bu təbliğata paralel olaraq, Ermənistan rəsmi səviyyədə də bu mesajları verir. Qriqoryan məlum müsahibəsində Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalara, xüsusilə sentyabr döyüşlərinə görə də Rusiyanı günahlandırdı. Fransa xarici işlər naziri Katrin Kolonnanı Azərbayanla sərhədə gətirən Baş Qərargah rəisi Edvard Asryan fikirlərini "Avropa İttifaqı missiyası olmasa, ərazilərimizi zəbt edəcəklər” kontekstində qurdu.
Aydın görünür ki, Ermənistan Rusiyanı günahlandırmaqla Moskvadan qaçmaq, eyni zamanda, Qarabağ yükündən də qurtulmaq niyyətindədir.
Proseslərin bu istiqamətdə inkişafı bölgədə risklər yaradır, xüsusilə Rusiyanın hansı addımı atacağı maraqlıdır.
Moskva üçün mövcud situasiyadan çıxış yolunun Laçın yolunda qurulan sərhəd-keçid məntəqəsini ləğv etmək olduğu təsəvvürü yaranır. Bununla Laçın yoluna nəzarəti saxlayır, eləcə də mümkün Zəngəzur dəhlizində nəzarət perspektivini itirmir. Çünki Laçına post qurulması Zəngəzur dəhlizi məsələsində də Ermənistanın "nəzarət-keçid məntəqəsi” mövqeyini gücləndirən amildir və bu prosesdəı itirən tərəf Rusiya olacaq.
Bu kontekstdə Rusiyanın Volkovu Lentsovla dəyişməsi diqqət çəkir:
- Lentsov Rusiya sülhməramlılarına komandanlıq edən generallar arasında ən yüksək rütbəyə malik olandır – general polkovnik;
- Arvadı erməni millətçisidir və özünün 20 Yanvar qırğınında iştirakına dair məlumatlar var.
Hazırda Lentsovun iki istiqamətdə danışıqlar apardığı iddia edilir: birincisi, postun tamamilə ləğv edilməsi; ikincisi, ən azından rusların da postda dayanması.
İstisna deyil ki, Rusiya ümumilikdə Cənubi Qafqazdakı maraqlarını qorumaq naminə Laçın postuna görə Bakıya təzyiqi artıra bilər.
Hərçənd, o da şübhəsizdir: Laçın postunda Azərbaycan bayrağı qaldırılıb və Ali Baş Komandan İlham Əliyevə məruzə edilib.
Bu, post məsələsində Bakının geri addım atmayacağı deməkdir. Belə vəziyyətdə Rusiyanın mümkün təzyiqinə qarşı diplomatik manevrlərin işə salınacağı ehtimalı daha yüksəkdir. Mümkündür ki, Azərbaycan sülh müqaviləsi üzrə danışıqlar prosesində Rusiya masasının yenidən əsas platformaya keçməsinə razı olsun, yaxud ən azı bu görüntünü yaratsın. Burada Rusiya-Türkiyə tandeminin yenidən Cənubi Qafqazda həlledici oyunçu olaraq önə çıxması da çox şeyi həll edəcək amillərdəndir.
Xəbər 1014 dəfə oxunub.