Cari ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 5,7 faiz, əhalinin hər nəfərinə düşən gəlirlər isə 4,4 faiz artıb.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.
Nazir qeyd edib ki, 2003-cü illə müqayisədə işçilərə əmək ödənişlərinin ümumi məbləğində 2015-ci ilin əvvəlinə olan məlumata əsasən, 6,6 dəfədən çox artım özünü göstərib: "Orta aylıq əməkhaqqının məbləği isə 5,6 dəfədən çox, o cümlədən cari ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,6 faiz artaraq 462 manata çatıb".
S.Müslümov vurğulayıb ki, əgər 2015-ci ilin dövlət büdcəsində sosial sahə üzrə xərclər büdcənin 27,6 faizi qədər idisə, növbəti ildə 36,1 faizini təşkil edəcək.
Onun sözlərinə görə, il ərzində bağlanan nikahların sayı da 2005-ci illə müqayisədə 18,5 faiz, 2010-cu illə müqayisədə 7,2 faiz artıb və hazırda respublikada nikahların sayı boşanmaların sayını 7 dəfədən çox üstələyir.
Nazir bildirib ki, əgər 2005-ci ildə əhalinin 3,6 faizi 70 və daha yuxarı yaşda olanlar idisə, 2015-ci ilin əvvəlinə bu göstərici 3,9 faizə yüksəlib: "Ölkəmizə daimi yaşamaq üçün gələnlərin sayı da ölkədən daimi yaşamaq üçün başqa ölkələrə gedənlərin sayını üstələyib".
S.Müslümov deyib ki, nazirliyin məşğulluq orqanları tərəfindən cari ilin 11 ayında 27146 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə, 1600 nəfərə yaxın şəxs ödənişli ictimai işlərlə, əmək birjaları vasitəsilə 3774 nəfər şəxs müvəqqəti xarakterli işlərlə təmin edilib: "İşçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması və əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün qeyd olunan dövrdə 3977 nəfər şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,3 faiz və ya 404 nəfər çoxdur. Habelə 100 min nəfərə yaxın gəncə gələcək peşə və ixtisas seçimində köməklik üçün peşəyönümü məsləhətləri verilib. Ümumiyyətlə, məşğulluq orqanları tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların sayı son on ildə 2,5 dəfədən çox artıb".