20 oktyabr saat 14:00-da Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində media nümayəndələri üçün təqdimat keçiriləcəkdir.
Aktual.az Oxu.az-a istinadən xəbər verir ki, təqdimatda marşrut avtobuslarına yeni GPS trekerlərin quraşdırılması, bu sistemin işləmə prinsipi və tətbiqi, dayanacaqlardakı Avtobus İnformasiya Terminallarına inteqrasiyası və digər məlumatlar veriləcəkdir.
Qeyd edək ki, GPS treker adlanan telematik blok nəqliyyat vasitəsinin olduğu ərazi, hərəkətin sürəti, yanacağın sərfiyyatı, avadanlığın vəziyyəti (mühərrik işə salınıb, qapı açıq qalıb və s.) barədə məlumatı real vaxt rejimində dispetçer mərkəzinə ötürür.
Xüsusilə, sürücülük qabiliyyətinə nəzarət sistemi yolda baş vermiş pozuntular (kobud sürücülük, sürət həddinin aşması və s.) haqqında məlumatı toplayır və işçi heyətinin fəaliyyətinin qiymətləndirilməsi sisteminə göndərir. Həmin sistemin köməyi ilə dispetçer istənilən müddət ərzində və müxtəlif səfərlər üzrə sürücülük qabiliyyətinin dəqiq qiymətləndirilməsinə nəzarət edə bilər.
Bort avadanlıqlarından fərqli olaraq yeni quraşdırılacaq GPS-lər sürücülərin əllə müdaxilə edə bilməyəcəyi hissələrdə (avtobusda) quraşdırılacaq. İstənilən kənar müdaxilə barəsində (avadanlığın söndürülməsi, zədələnməsi və.s) məlumat NİİM-in proqram təminatında dərhal əks olunacaqdır. Mühərrik işlək vəziyyətdə olsa belə, avadanlıq 4 gün ərzində fasiləsiz məlumatlar (avtobusun sonuncu dəfə olduğu yer barədə) ötürə bilir.