Dövlət Film Fondunda Azərbaycanın tanınmış kinorejissoru, mərhum Nicat Feyzullayevin anadan olmasının 70 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
Aktual.az xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun dəstəyi ilə təşkil edilib.
Xatirə gecəsini Dövlət Film Fondunun sədri Cəmil Quliyev açıb. Daha sonra əməkdar artist Elxan Qasımov Nicat Feyzullayev haqqında ürək sözlərini bildirib: "Nicat Feyzullayevi məmurlar anlamadı. Hər dərdini içinə tökdü. Əgər istəsəydi, bütün fəxri adları alardı. Amma məmurlar qarşısında boyun əyməyi sevmirdi və bacarmırdı. İki böyük sənətkarın - əməkdar incəsənət xadimi Lətif Feyzullayevin və əməkdar incəsənət xadimi Vəcihə Səmədovanın ailəsində dünyaya gəlmişdi".
Kinoperator Nizami Abbas Nicat Feyzullayev kinoda Arif Babayevi xatırladırdı: "Onun tərbiyəsini, qayda-qanunlarını götürmüşdü".
Tədbirdə həmçinin Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağaəli İbrahimov, əməkdar incəsənət xadimi, kinoperator Kənan Məmmədov, professor Aydın Dadaşov, mərhum kinorejissorun oğlu Aqşin Feyzullayev çıxış edərək fikirlərini bölüşüblər.
Tədbirin sonunda Nicat Feyzullayevin son filmi "Asiqi sadiq" sebedli filminin teqdimati oldu.
Qeyd edək ki, N.Feyzullayev 1945-ci il noyabrın 11-də Bakıda Azərbaycanın görkəmli rəssamları - əməkdar incəsənət xadimləri Lətif Feyzullayevin və Vəcihə Səmədovanın ailəsində dünyaya gəlib.
Nicat Feyzullayev 1970-ci illərdən "Azərbaycanfilm" kinostudiyasında işləyib. “Axırıncı aşırım” (1971), “Qızıl qaz” (1972) bədii filmlərində rejissor assistenti kimi çalışıb. Sonra isə bir necə sənədli filmin, qısametrajlı bədii filmlərin quruluşçu rejissoru, ssenari müəllifi olub. 1978-ci ildə “Arvadım mənim, uşaqlarım mənim” kino almanaxında quruluş verdiyi “Toy” novellası rejissorun diplom işidir. Nicat Feyzullayevin çəkdiyi “Küçələrə su səpmişəm” tammetrajlı filmi rejissorun ən uğurlu işlərindəndir.
O, 2015-ci il mayın 4-də dünyasını dəyişib.
Aktual.az