Nicat Feyzullayev - 70

Nicat Feyzullayev - 70

Noyabrın 6-da, saat 19:00-da Dövlət Film Fondunda Azərbaycanın tanınmış kinorejissoru Nicat Feyzullayevin 70 illik yubileyinə həsr edilmiş xatirə gecəsinə keçiriləcək.

Tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçirilir. Tədbirdə görkəmli sənətkara həsr edilmiş fotosərgi nümayiş etdiriləcək, sənət dostlarının xatirələri dinlənəcək.

Kino böyük yaradıcı heyətin əmək və zəhmətinin məhsuludur. Hər bir kino rejissoru da öz təfəkkürünü, istedadını, fərdi bacarığını kinoya gətirir.

Azərbaycan kinosunda özünəməxsus yaradıcılığı ilə seçilən kinorejissorlarımızdan biri də Nicat Feyzullayevdir. Kinoya böyük yaradıcılıq eşqi ilə gələn istedadlı rejissor yaradıcılığında həyata və insanlara sevgisini, yüksək mənəvi dəyərləri təcəssüm etdirib. O, sənətə təsadüfən gəlməyib. İncəsənətə böyük məhəbbəti olan ailədə böyüyüb, boya-başa çatıb. O, 1945-ci il noyabrın 11-də Bakıda Azərbaycanın görkəmli rəssamları olan Respublikanın Əməkdar İncəsənət Xadimi Lətif Feyzullayevin və Əməkdar İncəsənət Xadimi Vəcihə Səmədovanın ailəsində dünyaya göz açıb. Nicat Feyzullayev özü də müxtəlif rəsm əsərlərinin müəllifidir. O, 1964-cü ildə Musiqi məktəbini, 1969-cu ildə isə Azərbaycan Politexnik İnstitutunu bitirib. 1973-1979-cu illərdə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda təhsil alıb. 1970-ci illərdən “Azərbaycanfilm” kinostudiyasında işləyib. “Axırıncı aşırım” (1971), “Qızıl qaz” (1972) bədii filmlərində rejissor asistenti kimi çalışıb. Sonra isə bir necə sənədli filmin, qısametrajlı bədii filmlərin quruluşçu rejissoru, ssenari müəllifi olub. 1978-ci ildə “Arvadım mənim, uşaqlarım mənim” kino almanaxında quruluş verdiyi “Toy” novellası rejissorun diplom işidir. Bundan sonra o, bir-birinin ardınca “Yeni evlənənlər” (1983, q/m, Rus.), “Yaşa, qızıl balıq” (1988, q/m.), “Küçələrə su səpmişəm” (2004 t/m. bədii) filmlərinə quruluş verib. “Azərbaycanın memarlıq abidələri” (1976), “Anaya məktub” (1980), “Belə bir şəhər var” (1982), “Məhəmməd Füzuli” (1989), “Qara qızılın qara üzü” (1990), “Baba zeytun diyarında” (1992), “Şirvanda izim qaldı” (1994), “Azərbaycan rəngkarlığının kraliçası” (2010 s/f), “Mozalan” satirik k/j üçün bir çox kinosüjetlər çəkib. Nicat Feyzullayevi bir rejissor kimi insan xarakteri, psixolojigaysı, düşüncəsi, ətrafa olan münasibəti düşündürərdi.

Buna görə də o, yaradıcılığında insan psixologiyasını xarakterizə etməyə üstünlük verərdi. Çəkdiyi sənədli filmər isə bədii təsvirinə, poetikliyinə, süjet zənginliyinə görə baxılır, sevilir. İstedadlı rejissor 2015-ci il mayın 4-də dünyasını dəyişib. Daxili dünyasını köçürdüyü, sevə-sevə çəkdiyi filmlər isə kinosevərlərə yadigar qalıb.

Xəbər 1058 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR