Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə
qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri
rəhbər tutaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların
qaldırdıqları məsələlərin operativ həllinə yönəlmiş tədbirlərin
görülməsi Nəsimi rayon İcra Hakimiyyətinin daim diqqət mərkəzindədir.
Rayonda 2020-ci ilin fevral ayı ərzində RİH
başçısı Asif Əsgərov tərəfindən 6 səyyar qəbul və görüş keçirilmişdir.
1000-ə yaxın sakinin iştirak etdiyi qəbullarda 37 müraciət dinlənilmişdir.
Qaldırılan məsələlərin əksəriyyəti həllini tapmış, digər müraciətlərin
operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və
müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, məsələlərlə bağlı
vətəndaşlarla geniş izahat işi aparılmışdır. Vətəndaşların müraciətləri əsasən
həyətlərin abadlaşdırılması, mənzil şəraitinin yaxşılaşdırılması, dam
örtüklərinin və liftlərin təmiri, küçə və həyətlərin işıqlandırılması,
ağacların budanması, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə
məhəllələrin sökülərək yenilərinin tikilməsi və s. məsələlərlə bağlı olmuşdur.
Görüşlərdə Möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən xalqımızın rifahının daha da
yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər xüsusi qeyd edilmiş,
sakinlər vətəndaşların yerlərdə qəbulunun təşkilinə, göstərilən hərtərəfli
diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.
Xəbər 374 dəfə oxunub.