Nigar İsmayılqızı
Uzun bir küçədə ruhuna qovuşub, öz içində yaşayan balaca uşaq görünürdü. Əslində, küçəyə istər sağdan, istər soldan gir, küçənin sonunda uzun saçlı, iri, duru gözü, aydın, səmimi üzü, uzun kiprikləri olan balaca qızgilin evləri görünəcək. Dələlərlə, itlərlə oynamağı sevən həmin o qız "30N" mənzilində yaşayırdı. Küçənin sol tərəfində yerləşən evin hündür, enli, boz rəngli ağır dəmir qapıları vardı. Bu boz qapılar hər il rənglənər, amma nədənsə rəng heç vaxt dəyişməzdi. Elə bil bir gün bu mənzildə yaşayan insanların həyatı da boz rəngin fonunda param-parça olacaqdı! ..
İkimərtəbəli evdə yaşayan qızın həyətində ermənilərdən qalma, yaşı 100-dən çox olan hündür, qalın, enliyarpaqlı qara xartut ağacı vardı. Qəribə xartut idi. Yerə düşən kimi yer onun suyunu canına çəkir, sonra tutun düşdüyü yer nə qədər yuyulsa da, illərlə ləkəsi getmirdi. Bu həyətdəki yaşıl, uzun, yaşlı üzüm təhəngləri bir-birinə elə sarılmışdı ki, adamın lap paxıllığı tuturdu. Hələ yayda bu üzüm tənəyini şollar suyu ilə tez-tez yumalarını demirəm. Yarpaqların üstündəki su damlaları üstü yaşıl, altı ağ tükcüklərə bürünən, təzə-tər yarpaqları tərk etməkdə əziyyət çəkirdi.
Qonşu uşaqların səs-küyü hələ də qulağımdadı: gözləri sevincli, bədənləri sağlam, günahsız əllər və ən əsası şirin barmaqların çirkindən azad olmaq üçün su axtarması – bütün bunlar mənim üçün doğma idi.
Uşaqlığımın nəşəli sandığını xatırladıqca, təsvir edə bilməyəcəyim hisslər keçirir, sanki yenidən o günlərə qayıtmaq istəyirdim. Uşaqlar tez-tez bu həyətə gələr, qara üzümləri dərib, barmaqları şirəyə qarışa-qarışa keflə yeyərdilər. Elə yaxşı, elə mehriban idilər ki, sanki xoşbəxtlik gəmisində uçuşurdular. Bircə, bir rəssam fırçası əksik idi, onların bu xoşbəxtliyini təsvir etməyə. Rəssam olsaydım, uşaqların gözlərindəki sevinci, üst dodaqlarında qırışmış gülüşləri, balaca, günahsız, yumşaq əllərin üzüm şirəsi ilə qovuşmasını əks etdirərdim.
Hələ də o illəri xatırlamaqdan zövq alıram... Dostları ilə hər şeyi paylaşmağı bacaran qızın həyətində həmişə bir neçə maşın dayanardı. Çox qəribə idi, atası maşın sürməyi bacarmırdı, qardaşı balaca idi. Ailəni isə Oqtay adlı sürücü gəzdirirdi. Axı maşınlar kimin üçün alınmışdı? İllər sonra anladım ki, qonşuluqda yaşayan Mehman kişi maşın sürə bilməsə də, sevdiyi maşınları alıb kolleksiya yığmağı çox sevir. Qonşumuz olan bu ailə həmişə təhtəlşüurumu qıdıqlayırdı!
Mehman kişinin çox maşını olsa da, mənim diqqətimi bu qara "Qaz 31" çəkərdi. Bir gün qarajın qapıları açıldı, həmin bu qara rəngli "Qaz 31" ağır-ağır küçədə göründü. Mən yaşlı, hündür, uzun bir tarixə malik, hətta uşaqların “gizlənpaç” oyunu zamanı arxasında gizlənə biləcəyi enli kötüyü olan, küçəmizə ermənilərdən yadigar qalmış, üstü dağınıq, sürətli qarışqaların sevimli məkanına çevrilən çinar ağacının altında dayanıb, həvəslə bu ata ilə qıza baxırdım. Həəə... Lap yaxşı yadımdadı, əynimdə də mavi rəngli cins “şortik” və ağ "futbolka" vardı. Qəribə idi, balaca qızcığazın qapıları açılan kimi qonşu uşaqlar maraqla onların həyətinə baxardı.
Həmişə olduğu kimi qapılar açıldı, ata arxada sağ tərəfdə, qız isə solda əyləşdi və sürücü maşını hərəkətə gətirdi. Qapılar bağlandı, uşaqlar səs-səsə verib oynamağa davam etdilər. Mən uşaqlarla oynamağı xoşlayırdım, amma arabir yorulanda küçənin sol tərəfində yerləşən boz rəngli, üçkünc formalı, çoxdan küçəmizdə var olan və heç vaxt tərpənməyən daşın üstündə oturub onları seyr edirdim. Əslində bu daşın üstündə oturaraq, balaca qızgilə gələn fərqli qonaqlara, rəgbərəng maşınlara baxmaq ayrı bir zövq idi.
İllər sonra o qızla kafedəki söhbətimdən bir şeyi anladım ki, atasının sevimli qızı boz daşın üstündə oturub onların evinə baxan uşaqların gözlərini, o gözlərdəki hissləri, sualları ruhuna yaxşıca nüfuz etdirməyi bacarıb.
O qız həmin illəri elə yaxşı xatırlayırdı: hər insanı, hər əşyanı canına elə hopdurmuşdu ki, mən o illərə yenidən heyran qalmışdım. Arada dodaqlarımı da dişləyirdim.
Birdən ağlımda uşaqlıq illərində, ağacın altında xartut yediyimiz günlər günəş kimi parladı. Heç batmasını istəmədiyim, mənə hər zaman əziz olan o illər. Hələ küçədəki oğlanların qara xartuta boyanmış dodaqları mənim üzümü güldürmək üçün təsviri imkansız xoş bir an idi! Hər zaman mənə doğma olan an.
...Uzun illərdən sonra biz yenə görüşdük. Belə bir maraqlı qonşumuzun evlərini satıb başqa yerə köçməsi məni də bir qonşu kimi çox incidir, ruhum elə hey onları axtarırdı. Yazıçı qələmini, rəssam fırçasını, qoca baba eynəyini, çəliyini, yağış çətirini, qar əlcəyini, həssas qadın ətirli gülləri axtaran kimi, mən o ailəni görmək üçün çox üşümüşəm, onları çox axtarmışam!
...Bir səhər qonşu qızla köhnə küçəmizə yaxın bir yerdə görüşdük. O yenə də qəşəng idi, ağ ayaqları, rəngli dırnaqları, şirin dodaqları və ən əsası gözləri ilə danışan qız keçmişdən elə şirin-şirin bəhs edirdi ki... Qonşu qızın sevimli səsi qulağıma misilsiz bir rahatlıq gətirirdi.
- Yadında? Tez-tez Əli babagilə gedərdik.
- Həəə, yaxşı xatırlayıram uşaqlıq illərimizi.
Birdən ağlı-qara rəngli zolaqlı şalvar, köynək geyinən, qızı Almaz xanımla birlikdə yaşayan, arxaya daradığı ağ, uzun saçları, iri, ağıllı gözləri, içdən təbəssümü olan, qarayanız, ortaboylu Əli baba canlandı gözlərim önündə. Ağlı-qaralı pandalar təbiətə yaraşan kimi, Əli babanın bu rəngli geyimi də ona yaxşı yaraşırdı. Nədənsə qonşu qız danışdıqca, xatirələr beynimə gilə-gilə süzülür və keçmişə qovuşan şüuraltımı ovsunlayırdı sanki.
- Həəə, doğurdan da bizim Əli baba ilə günlərimiz çox olub: kişi qonşu uşaqları çox istəyir, həmişə nəsə öyrətməyə çalışırdı. Demək olar ki, o bizim küçənin yaşlı insanlarından biri olsa da, uşaqların ən yaxın dostu, sirdaşı idi. Sözün düzü Əli baba kimi əhvalatlı insaları hələ də axtarıram. Dik qaməti, nurlu çöhrəsi, sol qolunda boz saatı, sağ əlində tünd qəhvə rəngli, nazik çəliyi olan Əli baba kimi qocalar daha gözümə dəymir. O illər kimi, Əli babaya oxşar sevimli qocalar da, bir də qanad açıb uçması mümkün olmayan dövrlərdə qaldı.
- Bilirsən nə yadıma düşüb?
-Nə? - Bir dəfə Əli baba küçədəki "skameykada" oturub, küçənin keçmişi haqqında danışırdı. Biz də ona diqqətlə qulaq asırdıq. Əli baba skamyadan qalxıb, artıq doğmalaşdığı çəliyi ilə divardakı saysız, hesabsız güllə izlərini bizə göstərirdi:
- Əziz balalarım, siz həyatda olmayanda ermənilər bu küçələrdə çox insanların canına qıyıb. Bu küçənin keçmişində haqsız yerə çox qanlar axıdılıb. Bax, bu gün sizin həvəslə oynadığnız küçədə çoxlu ermənilər yaşayırdı. Mən onların necə amansız olduqlarını görə-görə gəlib bu yaşa çatmışam. O illəri xatırlamaq bugün də məni dəli edir. Amansız 90-ci illərdə ermənilər bu küçədəki evlərini qoyub qaçdılar. Mənim mehriban, ağıllı balalarım, siz də küçənizin tarixini yaddınızda saxlayın. Bu, sizə gələcəkdə çox lazım olacaq.
-Sən də Əli baba sözünü bitirdikdən sonra soruşdun:
-Baba, bəs bizim indi yaşadığımız evdə kim yaşayıb?
- A bala, sizin evdə nəvələri çox olan erməni əsilli arıq, ortaboylu, ağ saçlı Boris kişi yaşayırdı. Günlərimiz olub Boris kişi ilə…
- Aaa yaddıma düşdü, Əli baba, atam evdə Boris kişidən çox danışır.
- Bəs sən məni necə xatırlayırsan?
- Bizim küçədə atasına bağlı, balaca canıyla ata tablosu ilə yaşayan bir qız canlanır gözlərim önündə. Sənin real, rəngarəng, bütöv şəxsiyyəti əks olunan ata portretin o qədər gözəldi ki, o şəkilin heç bir boyaya ehtiyacı yox idi.
- Danış görüm, siz niyə köçdünüz bizim qonşuluqdan?
- O illəri dəqiqliyi ilə sənə nəql edəcəm. Bir yaz axşamı atam əlində bir kağız paketi ilə həyətə daxil oldu. Mən qapının sol tərəfində dayanıb, "Rayla", "Çubuş" adlı itlərimizin sevincinə baxırdım. Bədəni qara, qulağı ağ tüklərə bürünmüş itlər atamın ayaqlarını yalayırdılar. O, da aldığı kolbasa, sosiskanı itlərə yedirdirdi. İtlər yeyib, yaman sevinmişdilər, atamın qara ayaqqabılarını elə yalayırdılar ki, elə bil şalvarının balağını külək əsdirirdi. Mən bu mənzərəyə baxmaqdan zövq alırdım. Yavaş-yavaş geriyə addımlayıb, tünd qırmızı rəngli, paxlava şəkilli dəmir pilləkənimizdə oturdum. Atam hamam tərəfə gedir, itlər də onun arxasınca... Sarı qapı. Atam birinci mərtəbəyə daxil oldu...
Birdən sükut pozuldu. Arxada iki nəfər mübahisə edirdi. Anamla atama nəsə olmuşdu bu yaz axşamı. Əslində onları heç belə görməmişdim.
Atam deyirdi: Sən məndən icazəsiz əmanətə niyə əl vurmusan? Niyə onu Günaya vermisən? Nə vaxta kimi bu Günay bizim həyatımızı zəhərləyəcək, ailə işlərimizə qarışacaq? İzah elə! Səbəb göstər! Səndən cavab gözləyirəm!!!
Anam özünə əmin-əmin cavab verdi: Günay əmanəti bir həftəyə qaytaracağına söz verib! Əslində həmin gün anam susmalıydı, amma susmurdu. Beləcə mübahisə daha da qızışırdı. Mən divara söykənib pəncərədən atamla anama baxırdım. Onların səs-küyü itləri də narahat edirdi. Quyruqlarını yerə uzadıb səssizcə baxırdılar. Mən pəncərədən baxanda atamı ağ mələkli, ermənilərdən qalan, sarımtıl “kamen” sobaya söykəndiyini gördüm. Elə əsəb idi, anama əl qadırdığı üçün özünü bağışlaya bilmirdi. Peşman olmuşdu, anamın burnunun qanını silib, üzr istəyirdi. Baxdığım mənzərə məni təəccübləndirmişdi, lap at kimi fınxırmağım gəlirdi həmin dəqiqə! Evimizin küncündə yerləşən qədimi radio da o gün baş verənlərdən küsüb, sanki 100 illik keçmişinə səyahət edərək, etdiyi səyahətdən heç dönmək istəmirdi.
Mən bacardığım qədər səbr etdim, o an içəri girmədim... Və birdən qapı açıldı, atam iti-iti addımlarla qapıya tərəf getdi, itlər də onun arxasınca qaçdı. Atamı belə gördüyüm üçün çox üzgün idim, onu itirəcəyimizdən qorxurdum. Yavaş-yavaş atama yaxınlaşdım. İtlərə balalarının payından pay ayıran atam yerdə oturub yavaş-yavaş ağlayırdı. Qadına əl qaldırdığı üçün canı ağrıyırdı. Xəyanətə heç vaxt dözə bilməyən atam bu xəyanətə də tab gətirə bilmirdi. Soyuq əlləri hərəkətsiz idi, pəncəyinin üstündəki ulduzlar par-par parıldayır, sağ tərəfədən silahı yerə düşmüşdü. Evdə həmişə uşaqlardan gizli saxlanılan soyuq silah indi mənim bir addımlığımda idi. Silaha əl vurdum, lap balaca vaxtımdan atamın sağ tərəfində qoruyub saxladığı silaha toxunmaq məni sevindirmişdi. İtlər çox sədaqətli idi, onlar atamın ayaqalarını əvvəlki həvəslə dayanmadan yalayırdılar. Amma O, heç nəyi hiss edə bilmirdi! Heç nə susdurmurdu onu!
Atam alça ağacının çiçəklədiyi, yaşıl otların dirçəldiyi bir fəsildə itlərdən də küsmüşdü. Mənim də üzümə baxmır, elə bil məni də görmək istəmirdi. Əslində baş verənlərə şahid olduğum üçün çox məyus olmuşdu. Mənim portretimin qəhrəmanı əmanətdən çox, hər axşam onunla bir yastığa baş qoyan xanımının bəlkə də düşünməyərəkdən etdiyi xəyanətə ağlayırdı!...
Bu yaz axşamı təbiət də evimizdə yaşananlara için-için sızlayırdı.
Atam o gündən sonra ömür-gün yoldaşı ilə birilikdə, balaca qızından da küsdü və uzun illər özünə qapandı. Daxili dünyasına sığınan atam həmişə susurdu!!!
Bir səhər sürücü gəldi. O, qara "Qaz-31"-in arxasına oturub getdi. Özünə qovuşan ruhu dəmir, paxlava naxışlı qapının üstündə asılan, göy rəngli məktub qutusunun altındaki boz rənglər kimi bomboz dünyaya qapanıb getdi.
Uzun illər sonra atam içindəki qayaların arxasında yox olub, yenidən var olmaq üçün mübarizə aparırdı. Onun bu mübarizəsi uzun çəkdi. Ruhunda baş verən mənəvi erroziya onun gizlin dünyasını, mənini narahat edirdi. Sirkə mədəni dağıdan, qurd ağacı içindən yeyən kimi, xəyanət onun da ruhunu yeyirdi.
...Mənim uşaqlıq rəfiqəm, atasından ayrı qaldığı üçün ağlayırdı. Balaca qız o illərdən danışanda ata sevgisini itirdiyi qədər kədərli, soyuq silaha toxunacaq qədər sevincli idi. Hələ Əli baba kimi qocaları xatırlayıb sevinc qığılcımlarıyla dolan gözlərinin mənə dikildiyini demirəm. Mən uşaqlıq illərimizi itirdiyimiz üçün tam bir eyforiya vəziyyətində idim. Ağlım köhnə bir saatın yellənən kəfgiri kimi, sağa-sola fırlanıb uşaqlıq illərimizin xoşbəxt, rəngli, incə, cəld kəpənəklər körpüsünə valeh olmuşdu. Mən balaca qızı tapdığım üçün uçurdum. Bu, sıradan bir uçuş deyil, ötən illər qanadında sehirli bir pərvazlanmaq idi! Və mən o zaman anladım ki, uçduğum yüksəklikdə dayanan o illər mənim nəşələrlə dolub-daşan bir sandığımdı...
25.12.2014