“Nəinki üç, beş işi də birlikdə görmək olar” - MÜSAHİBƏ

“Nəinki üç, beş işi də birlikdə görmək olar”  - MÜSAHİBƏ

Bəhruz Quliyev: “Vaxt gələcək, Əli Kərimli və İsa Qəmbər söhbət etməyə belə adam tapmayacaq”

 “Səs” qəzetinin və eyniadlı media holdinqin rəhbəri Bəhruz Quliyevin Aktual.az-a müsahibəsi

- Bəhruz müəllim, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın həbsi ətrafında müzakirələr səngimək bilmir. Bəzi beynəlxalq təşkilatlar və müxalif dairələr bu həbsin siyasi qərar olduğunu deyirlər. Sizcə, Xədicə İsmayılın həbsi niyə bu qədər siyasiləşdirilir?

- Xədicə İsmayıl bütün şüurlu fəaliyyətini Azərbaycan dövlətinin zəifləməsinə, dövlətçiliyə qarşı yönəldib. Özü vergidən yayınmaqla, qanunsuz fəaliyyət göstərməklə, Azərbaycan hökumətini qanunsuz hərəkətlər törətməkdə ittiham edib. Necə deyirlər, “oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı”. Heç şübhəsiz onun bu fəaliyyətinin arxasında bəlli dairələr dayanıb. Aldığı siyasi təlimatlar və qrantlar əsasında bu fəaliyyəti göstərib. İndi isə qanunu pozduğuna görə, hüquqi müstəvidə cəzalanıb. Əlbəttə, onu bu işə təhrik edənlər bundan məyus olublar. O səbəbdən adi bir jurnalistin həbsini siyasiləşdirməyə çalışırlar. Digər yandan radikal müxalifət liderləri də Xədicə İsmayılın təlimat aldığı dairələrdən qrant alırlar. Buna görə, onlar da eyni mövqe nümayiş etdirirlər. Heç kəs unutmamalıdır ki, qanun qarşısında hamı bərabərdir. Müxalifətçi olmaq, jurnalist kimi fəaliyyət göstərmək, üstünlük deyil. Bu heç kimə imkan vermir ki, qanunları pozsun, vergidən yayınsın. Birmənalı şəkildə demək olar ki, Xədicə İsmayıl törətdiyi əməllərə görə, həbs olunub. Onun həbsində siyasi çalarlar axtarmağa dəyməz. Biz hüquqi dövlətdə yaşayırıq və daşıdığı statusdan asılı olmayaraq, kim qanunları pozur, cinayət törədirsə, cəzasını almalıdır və alacaq da.

-  Qarşıdan parlament seçkiləri gəlir. Xədicə İsmayılın həbsini siyasiləşdirən dairələr həm də iddia edirlər ki, seçkilər saxtalaşdırılacaq...

-  Azərbaycanda indiyə qədər keçirilən heç bir seçki saxtalaşdırılmayıb. İstər prezident seçkiləri olsun, istər parlament, istərsə də bələdiyyə. Seçkilər xalqın iradəsi əks etdirib. Sadəcə Yeni Azərbaycan Partiyasının cəmiyyətdə olan nüfuzu, xalqın iqtidara olan inamı nəticədə hakim partiyanın qələbə qazanmasına səbəb olub. Bəziləri, xüsusən ölkəmizə qarşı düşmən mövqeyində dayanan qüvvələr bunu həzm edə bilmirlər. Hər vəchlə seçkilərə kölgə salmağa, bu yolla məğlubiyyətdən yayınmağa çalışıblar. Qarşıdakı seçkilərdə də Yeni Azərbaycan Partiyasının şansları yüksəkdir. Bunu müxalifətdə də bilirlər, onları maliyyələşdirən dairələrdə də. Bu səbəbdən seçki prosesinə ləkə gətirməyə çalışırlar. Amma kimin nə deməsindən və hansı arzuda olmasından asılı olmayaraq, seçkilər yüksək səviyyədə keçiriləcək və xalqın iradəsini əks etdirəcək.

- Müsavat Partiyasının ardınca AXCP-də növbəti parçalanma baş verdi. AXCP sədrinin sabiq müavini Razi Nurullayevin rəhbərliyi ilə partiyanın etimad qurultayı keçiriləcək. Gözləntiləriniz nədir?

-  Çox sevindirici haldır ki, son illər Azərbaycanda sivil müxalifət partiyaları yaranır. Bu partiyalar parlamentdə təmsil olunur, seçkilərdə iştirak edir, siyasi fəallıq nümayiş etdirirlər. Lakin bununla yanaşı radikal müxalifət partiyaları da var ki, onlar hər şeyi qara rəngdə görürlər. İllərdir tərəfdarlarını aldadır, onların etimadından sui-istifadə edirlər. Bu səbəbdən ətrafında barmaqla sayılacaq qədər adam saxlayıblar. Açıq şəkildə demək olar ki, bu partiyalar uzun illərdir yürütdükləri yanlış siyasətin nəticəsi olaraq, bugünə düşüblər. Müsavat və AXCP-də baş verənlər təbii prosesdir və bundan sonra da davam edəcək. Elə zaman gələcək ki, Əli Kərimli və İsa Qəmbər öz ətraflarında söhbət etməyə belə adam tapmayacaqlar.

-  Parlament seçkilərindən danışdıq. Vaxtaşırı olaraq mətbuatda siyasi şərhlərinizə, açıqlamalarınıza rast gəlirik. Bəhruz Quliyev, seçkilərdə iştirak edəcəkmi?

- Bilirsiniz ki, mən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Heydər Əliyev ideyaları ilə silahlanan bir şəxs olaraq özümü YAP-ın əsgəri sayıram. Əgər hakim partiya mənim namizəd olmağımı istəyərsə, məmnuniyyətlə seçkidə iştirak edəcəm. Amma bu mənim üçün həyati məsələ deyil. Biz harada olmağımızdan asılı olmayaraq bir məqsədə xidmət edirik və edəcəyik – Heydər Əliyev ideyalarının təbliği.

-  Deyək ki, YAP-ın siyahısında adınız yer aldı. Seçkilərdə də qələbə qazandınız. Sonra... Planlarınız nədir?

-  Seçkilərdə namizəd olsam da, olmasam da, YAP-ın namizədlərinin geniş təbliğatı ilə məşğul olacam. Bir daha bəyan edirəm ki, deputat və yaxud baş redaktor olmaq, bizim üçün amal yox, vasitədir. Harada olmağımdan asılı olmayaraq, Heydər Əliyev ideyalarının təbliğatçısı olacam.

-  “Media kapitanı”, siyasətçi, biznesmen – bu üç fəaliyyəti birgə həyata keçirmək çətin deyil ki?

- Bilirsiniz ki, “Səs” qəzeti əksər mətbuat orqanlarından fərqli olaraq, ideoloji kursa xidmət edən qəzetdir. Biz fəaliyyətimizin bütün dövrlərində Heydər Əliyev ideyalarının yayılması ilə məşğul olmuşuq. “Səs” Media Holdinqin tərkibində fəaliyyət göstərən bütün mətbu orqanlar bu məqsədə xidmət edir. O ki qaldı biznes fəaliyyətinə, əlbəttə, biz bir qurum olaraq həm də kommersiya strukturuyuq. Holdinqin tərkibində müxtəlif şirkətlər fəaliyyət göstərir. Biz onların sayını azaltmağı yox, artırmağı düşünürük. O yerdə ki, düzgün idarəetmə və peşəkar heyət var, orada heç nə çətin deyil. Nəinki üç, hətta beş işi belə bir yerdə görmək olar.

Adnan/Aktual.az

Xəbər 2276 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR