Neftin qiyməti ilə bağlı nikbin proqnoz

Neftin qiyməti ilə bağlı nikbin proqnoz

Dünya neft ölkələrinin neft hasilatının azaldılması ilə bağlı verdiyi qərarlar neftin qiymətinə də təsir edib və neft cüzi də olsa, bahalaşıb. Bir tərəfdən neftin həddindən artıq ucuz satılması, digər tərəfdən mövsümi şərtlərlə bağlı olaraq, neftə tələbatın azalması OPEK ölkələrini də müvafiq qərarlar verməyə vadar edib. Belə ki, OPEK fevral ayının sonundan etibarən neft hasilatını sutkalıq 280 min barrel azaldıb.

Aktual.az musavat.com-a istinadən xəbər verir ki, bundan başqa, neft ölkələri olan Rusiya, Səudiyyə Ərəbistanı, Nigeriya, Qətər və Venesuela neft hasilatını yanvar ayının göstəricilərinə uyğun dondurulmasına qərar verib.

Bunu Rusiyanın enerji naziri Aleksandr Novak bəyan edib. Bu məlumatlar isə birjalara informativ təsirini göstərməkdə davam edir. 

İqtisadçı ekspert Samir Əliyev də açıqlamasında bildirib ki, neft hasilatının azaldılması ilə bağlı məlumatların bazara təsiri artıq özünü göstərir: “Neft hasilatının həcminin yanvar ayı səviyyəsində dondurulması hasilatın həcminin həmin dövrdə olan həddin keçilməməsini tələb edir. Çünki, onsuz da yanvar ayında neft hasilatının həcmi maksimum idi. Neft hasilatının azaldılması ilə bağlı məlumatların bazara təsiri var. Təxminən 2-3 dollar bahalaşma var. Artıq bu gün neftin qiyməti 37 dollara yaxınlaşıb. Ancaq bu proses nə dərəcədə davamlı olacaq, bunu demək müəyyən qədər çətindir. Çünki, yaza doğru neftə olan tələbat azalır. Bu gün fevral ayı yeni bitib, mart ayıdır və aprel ayının kontraktları imzalanır. İki aydan sonra isə may ayının kontraktı imzalanacaq və may ayının nefti satılmağa başlayacaq. May isə yaz ayıdır və neftə tələbatın azaldığı dövrdür. Bu baxımdan hələ ki, əsaslı bir qiymət artımı gözlənilmir. Ola bilər ki, neftin qiyməti 40 dollara qədər qalxsın. Amma bu həddin nə dərəcədə uzunmüddətli olacağı məlum deyil”. 

Samir Əliyevin sözlərinə görə, hazırda OPEC ölkələri və ABŞ-ın neft şirkətləri hasilatı azaltmaq haqqında məlumatlar yayırlar: “Onlar hasilatı azaltmaq hesabına qiyməti tənzimləməyə çalışırlar. Səudiyyə Ərəbistanı və İraq neft hasilatını azaltmağa başlayıb. İranda isə neft hasilatı artıb. Rusiyanın neft ixracında isə heç bir dəyişiklik yoxdur. Bu məlumatların mətbuatda getməsi bazara təsir edir. Lakin dekabr ayından başlayaraq, neft 40 dollardan aşağıdır. Ola bilsin ki, qiymət artsın. Proqnozlar var ki, neft ilin ikinci yarısında 60 dollara qədər bahalaşa bilər. Lakin hələ ki, bu barədə dəqiq fikir söyləmək çətindir. Ən aparıcı maliyyə institutları da il ərzində proqnozlarını dəyişmək məcburiyyətində qalırlar. Ona görə də, neftin qiymətinin nə qədər artacağını demək çətindir. Ancaq bir məsələ aydındır ki, söhbət 60-70 dollarlıq bahalaşmadan getmir. Ən yaxşı halda, bahalaşmanın 40-50 dollar arasında olacağı proqnozlaşdırılır”. 

Xəbər 524 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR