Topaz Premyer Liqasının III turunun “Neftçi” - “Sumqayıt” oyununun yeri və vaxtı dəyişdirilib.
Aktual.az xəbər verir ki, avqustun 23-də baş tutacaq qarşılaşma “Bakcell Arena”da deyil, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək.
Buna “Neftçi”nin Peşəkar Futbol Liqasına (PFL) müraciəti səbəb olub. Belə ki, Bakı klubu quruma müraciət edərək, AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-Xorvatiya oyunu ilə əlaqədar ev oyunlarını keçirdiyi stadionun təmirə bağlanacağını bildirib.
Elə bu səbəbdən də PFL “Neftçi” – “Sumqayıt” matçının məkanını və vaxtını dəyişməyi lazım bilib. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq görüş saat 18:30-da başlayacaq.