AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında XXIV turun "Sabah" - "Neftçi" oyununda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.
"Report"un məlumatına görə, komitə 3 futbolçusu qırmızı vərəqə ilə cəzalandığı üçün meydan sahiblərini 4 800 manat cərimələyib. Futbolçulardan kapitan Bəhlul Mustafazadə və müdafiəçi Filip İvanoviç qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq diskvalifikasiyaya, klub isə hər biri üçün 200 manat cəriməyə məruz qalıb. Təmkin Xəlilzadə isə eyni hərəkətə görə qovularkən hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalanıb, klub 3200 manat ziyana düşüb.
Komandanın rəsmi şəxsi Miloş Jevtic barəsində isə araşdırılma aparılır.
"Neftçi”yə gəldikdə, 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib.
Komandanın baş məşqçisi Samir Abasov isə 2 oyunluq cəzaya, klub 4 000 manat cəriməyə məruz qalıb. Buna Abasovun oyundan sonra dava-dalaşa təhrikedici hərəkətlər etməsi, aqressivlik göstərməsi, mətbuat konfransı zamanı hakimin qərarlarını müzakirə etməsi və qeyri-etik ifadələr işlətməsi səbəb olub.
Qeyd edək ki, "Neftçi" növbəti iki oyununu mayın 3-də səfərdə "Keşlə"yə, mayın 8-də isə "Səbail"ə qarşı keçirəcək.
Xəbər 421 dəfə oxunub.