"Neftçi"dən biabırçı gediş, "Kəpəz"də dirçəliş, "Zirə"yə "stop" komandası — TƏHLİL

  • İDMAN

Futbol üzrə Azərbaycan çempionatının 8-ci turu başa çatdı
Aktual.az-ın məlumatına görə, ilk oyun günündə “Kəpəz” klubu çempionatın aşkar autsayderi “Rəvan”la qarşılaşırdı. Turnir cədvəlində 2 bərabərlik və 5 məğlubiyyətlə sonuncu yerdə qərarlaşan “Rəvan”ın bu oyunda qələbə qazanacağına bir o qədər də ümid yox idi. Elə oyun da göstərdi ki, paytaxt təmsilçisi gəncəlilərə müqavimət göstərmək gücündə deyil. Komandanın geridə olarkən 3 qırmızı vərəqə alması isə bakılıları bir qədər də zəif duruma saldı. Çempionatda altıncı dəfə məğlub olan “Rəvan” rəhbərliyi ardıcıl məğlubiyyətlərin səbəbini baş məşqçi Emin Quliyevdə görərək onunla yollarını ayırdı. Nə qədər qəribə də olsa, kluba gediş-dönüşlərinin sayını bəlkə özü də itirən Bəhmən Həsənov baş məşqçi təyin edildi.

Şahin Diniyevin "Kəpəz"i isə 3-cü qələbəsini qazanmaqla beşinci pilləyə yüksəldi. Bu gedişlə Gəncə təmsilçisi gələn mövsümdən avrokuboklar uğrunda mübarizəyə də qoşula bilər. Amma heç şühbəsiz ki, hər mövqeyə bir səviyyəli futbolçu cəlb etməklə.

Turun 2-ci oyun günündə baş tutan hər iki qarşılaşma böyük maraq doğururdu. ”Neftçi” doğma meydanda “Qəbələ”ni , “Qarabağ” isə Suraxanıda bu ilin sürpriz komandası olan “Zirə”ni qəbul edirdi.

Ardıcıl xal itkilərinə məruz qalan "Neftçi" "Qəbələ" ilə oyunda geri dönüş edə bilərdi. Amma son dəqiqədə Antonovun vurduğu qol paytaxt təmsilçisində görülən işlərin heç də deyildiyi qədər uğurlu olmadığını göstərdi. Beləliklə, "Neftçi" çempionatda növbəti məğlubiyyətini alaraq, adına yaraşmayan, amma bu cür zəif oyuna görə yaxşı hesab ediləcək yeddinci pilləyə yuvarlandı. Turnir cədvəlinin "zirzəmisi" ilə flaqmanı elə də böyük xalq fərqi ayırmır.

"Qarabağ"la "Zirə"nin qarşılaşması isə daha maraqlı və bol qollu keçdi. Beşinci dəqiqədə Armentoros ağdamlıları hesabda irəli çıxardı. Cəmi altı dəqiqə sonra forvard zirəliləri ikinci dəfə mərkəzə dəvət etdi. Almeydanın iki qoluna isə bakılılar cəmi bir təsəlli qolu ilə cavab verdilər. Bununla da "Zirə" çempionatda ilk məğlubiyyətini aldı. Xatırladaq ki, Ağdam təmsilçisi hazırda çempionatın lideridir. "Zirə" isə üçüncü pillədə qərarlaşıb.

Turun son oyun günündə FİFA tərəfindən cəza alaraq, çətin vəziyyətə düşən "Xəzər-Lənkaran" evində gənc heyəti ilə AZAL-ı qəbul edirdi. Hər iki komanda ağır günlərini yaşadığından matç həm də prinsipial xarakter daşıyırdı. Çünki qazanılacaq 3 xal komanda daxili ab-havaya müsbət təsir göstərəcəkdi. Lənkəranlılar bu dueldən 3-1 hesabı ilə qalib ayrılmaqla azarkeşlərə "Qəbələ"yə biabırçı məğlubiyyəti (6-0) unutdurmağa çalışdılar. Lənkaranlılara 3-1 məğlubiyyətdən sonra 4 xalla 9-cu pillədə qərarlaşan təyyarəçilərin özlərinə gəlməsi çətin görünür.

Turun bağlanış oyunu isə Sumqayıtda keçirilirdi. Çempionatda heç bir iddiası olmayan "Sumqayıt" klubu , "İnter" i qəbul edirdi. Bu, həm də millimizin keçmiş oyunçusu Samir Abbasovun "Sumqayıt"ın baş məşqçisi postunda debütü idi. Hər halda Abbasovun debütünü uğurlu saymaq olar. Çünki maliyyə problemləri yaşamasına rəğmən heyətində güclü oyunçular olan "bankirlər"lə 1:1-lik heç-heçə gənclik şəhəri təmsilçisi üçün uğurlu nəticə sayılmalıdır. Amma maraqlıdır ki, oyundan sonra "İnter" in baş məşqçisi Zaur Svanadze hesabdan razı qaldığını açıqladı. Görünür, hər zaman çempionluğa oynayan "İnter"dəki maliyyə problemləri klubun iddialarına da təsirsiz ötüşməyib.

Səkkiz turdan sonra çempionatın ən sərrast oyunçusu "Qarabağ"dan Almeydadır. Onun hesabında beş qol var.

Xəbər 554 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR