2015-ci ildə "Neftçi İdman Klubu” İctimai Birliyinin idmançıları respublika və beynəlxalq səviyyəli yarışlarda 1812 medal qazanıblar.
Aktual.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, medallardan 704-ü qızıl, 473-ü gümüş, 635-i isə bürüncdür.
Bu isə ölkədə fəaliyyət göstərən idman klub və cəmiyyətləri arasında rekord göstəricidir. "Bakı 2015" I Avropa Oyunlarında Azərbaycan milli komandasının heyətində ən çox yer alan və bu yarışlarda daha çox medal qazanan idmançılar da məhz "Neftçi İdman Klubu”nun yetirmələri olub. Klub bu mötəbər yarışda 79 idmançı ilə təmsil olunub. Qazanılan 56 medaldan 16-sı "Neftçi İdman Klubu"nun atletlərinə məxsusdur. Bu medallardan 6-sı qızıl, 5-i gümüş, 5-i isə bürüncdür. Qızıl medallara Rəsul Çunayev, Elvin Mürsəliyev, Toğrul Əsgərov (hər üçü güləş), Ayxan Tağızadə (taekvondo), Pərviz Bağırov (boks), İlham Zəkiyev (cüdo, paralimpiya), gümüş medallara Nəzakət Xəlilova, İslam Qasımov (hər ikisi sambo), Orxan Səfərov (cüdo), Sevil Bünyatova (qılıncoynatma, sablya), Səbinə Abdullayeva (cüdo, paralimpiya), bürünc medallara isə Elman Muxtarov, Həsən Əliyev, Hacı Əliyev (hər üçü güləş), Sevinc Bünyatova (qılıncoynatma, sablya) və Zakir Mislimov (cüdo, paralimpiya) sahib olub.
Bundan əlavə, 2015-ci ildə klubun yetirmələrindən ağırlıqqaldıran Boyanka Kostova Avropa və dünya çempionatlarında qızıl medal qazanmaqla bərabər, həm də qitə və dünya rekordlarını yeniləyib. Güləşçilər Hacı Əliyev və Rəsul Çunayevin dünya çempionluqları, atlet Nazim Babayevin gənclər arasında Avropa rekordunu təzələməsi, paralimpiyaçıların Avropa və dünya çempionatlarındakı çoxsaylı rekordlar vurmaları da ilin yaddaqalan nailiyyətlərindəndir.
İlin yekunlarına görə Gənclər və İdman Nazirliyi tərəfindən seçilmiş ən güclü 10 idmançısından 5-i, ilin məşqçilərindən isə 3-ü "Neftçi İdman Klubu”nun təmsilçiləri olub.