Ekspertlər bildirirlər ki, nüfuzlu neft investorlarının onillik proqnozları da neft bazarları üçün yaxşı heç nə vəd etmir
Aktual.az musavat.com-a istinadən xəbər verir ki, dünya bazarında neft dayanmadan ucuzlaşmaqdadır. Hazırda Brent markasından olan neftin bir barreli 40,73 dollardır. Qərbi Texas neftinin qiyməti 37,65 dollara enib. Beləliklə, Brent neftinin qiyməti 5,8 faiz enib. OPEC karteli ötən həftə Vyanada keçirilən iclasında istehsalı indiki həcmlərdə saxlamaq barədə qərar qəbul edib.
Ekspertlər bildirirlər ki, neftin qiyməti yaxın və ortamüddətli perspektivdə aşağı səviyyədə qalacaq. Bildirilir ki, OPEC-də hegemon rola malik Səudiyyənin strategiyası bazarı doldurmaqla, ABŞ neftinin qiymətini öldürməkdir. Bəzi ekspertlərə görə, bu strategiya işləməyə başlayıb və ABŞ-da dayandırılan quyuların sayı artır.
Lakin ekspertlər bunu da qeyd edirlər ki, bu quyuların sayı Səudiyyənin arzu etdiyi sürətlə azalmır və proses daha uzun müddətdə davam edə bilər. Üstəlik, Amerika neftçiləri əsasən istehsalı aşağı olan quyuları dayandırır, “şirin” quyuların istismarını isə artırırlar. Bu, ABŞ nefti üçün qiymətlərin nisbətən yavaş ucuzlaşmasını təmin edir.
Nüfuzlu neft investorlarının onillik proqnozları da neft bazarları üçün yaxşı heç nə vəd etmir. 2024-cü ilin ABŞ neftinin proqnoz qiyməti 60 dollardan aşağı müəyyən edilib. Məhz buna görə də bir çox qiymət ekspertləri yaxın gələcəkdə qiymətin 20 dollara enəcəyinə tam real bir ehtimal kimi baxırlar.
Fransanın neft nəhəngi Total şirkətinin rəhbəri Patrick Pouyanne 2016-cı il üçün neft qiymətlərində heç bir dirçəliş gözləmədiyini bəyan edib. Əksinə o bu fikirdədir, gələn il bazarlara daha çox neft çıxacaq. “Goldman Sachs” isə bildirib ki, neft qiymətləri qarşıdan gələn bir neçə ayda 40 dollar civarında proqnozlaşdırılsa da, qiymətin yarıbayarı düşəcəyi istisna deyil.
Bundan əvvəl Britaniyanın BP şirkəti qarşıdan gələn aylarda neftin bir barreli üçün 20 dollar qiymətinin tam mümkün olduğunu bildirmişdi.
Əlcəzairdə “Shell” neft-qaz şirkətinin Yaxın Şərq və Şimali Afrika bölgələri üzrə vitse-prezidenti Munir Buaziz isə bildirib ki, neftin qiyməti yaxın və ortamüddətli perspektivdə aşağı səviyyədə qalacaq. Buna səbəb bazarda təklif bolluğu və dünya iqtisadiyyatının zəif inkişaf etməsidir. Munir Buaziz Şimali Afrikada neft-qaz sahələrinin inkişafı məsələlərinə həsr olunmuş 10-cu konfransda çıxışı zamanı bildirib ki, neftin qiymətinin uzun müddət aşağı səviyyədə olacağı proqnozlaşdırılır.
Onun sözlərinə görə, dünya iqtisadiyyatının artım templərinin proqnozlaşdırılan səviyyədən aşağı olması və bazarda neftin bolluğu dünya bazarında neftin qiymətinin aşağı düşməsinə səbəb olan əsas faktorlardır. Bununla belə, “Shell”in vitse-prezidenti qiymətin qalxmasına səbəb ola biləcək dünyada “qara qızıl”a olan tələbatın artmasına tendensiyaların yarana biləcəyinə dair proqnozların da olduğunu qeyd edib. Buaziz neftin bahalaşmasına dair proqnoz verməyin mümkünsüz olduğunu da qeyd edib.
Ekspert Qubad İbadoğlu isə qeyd edib ki, xam neftin dünya bazar qiymətində bu gün cüzi də olsa, artım qeydə alınsa da, baş verən ciddi ucuzlaşma hələ də aparıcı xəbər kanallarının baş mövzusu olaraq qalır: “Çünki müşahidə olunan ucuzlaşma nəticəsində neftin qiyməti 2009-cu ilin fevral ayından sonra ən aşağı səviyyəyə düşüb və uzun müddətdir ki, gözlənilən 1 barrel/40 dollar pisxoloji baryerini aşıb. Beləliklə də yeni qiymət bu ilin əvvəli ilə müqayisədə 1 barelə görə 10 dollardan çox aşağı düşüb. Xam neftin qiymətin hansı səviyyəyə qədər enəcək sualı bu gün beynəlxalq analıtikləri ciddi düşündürür. Onların qiymətləndirmələrinə və proqnozlarına görə, dünya bazarlarında hazırda xarakterizə olunan yüksək təklif şəraitində qiymətlərin uculaşmasının qarşısının alınmaz olacaq və ucuzlaşma davam edəcək. Bəzi ekspertlər qiymətin 20 dollaradək ucuzlaşacağını proqnozlaşdırırlar. Hazırda bazara gündəlik 92 milyon barrel tələbə qarşı ən azı 1 milyon barrel artıq neft təklif olunur. Odur ki, qiyməti uculaşdıracaq başlıca səbəbi kimi təklifin artması qeyd olunur”.
Ekspertin sözlərinə görə, xam neftin qiymətinin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına və manatına neqativ təsirlərini neytrallaşdırmaq məqsədilə əlavə maliyyə qaynaqlarının formalaşdırılması iqtiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir: “Fikrimizcə, bu istiqamətdə qısa müddətli effektə yalnız biznes mühitinin yaxşılaşdırılması yolu ilə nail olmaq mümkündür. Bu isə təcili olaraq ciddi qərarların, o sıradan da inhisarçılıqla və korrupsiya ilə mübarizə və paralel sürətdə də iqtisadi azadlıqların genişləndirilməsi sahəsində tədbirlərin həyata keçirilməsini zəruri edir”.
Xatırladaq ki, 2016-cı il dövlət və icmal büdcələrin gəlirlərinin hesablamaları zamanı xam neftin satış qiyməti 1 barrel üçün 50 ABŞ dolları götürülüb.
Ekspert İlham Şaban isə meydan.tv-yə açıqlamasında bildirib ki, cari il üçün Azərbaycan büdcəsində neftin qiyməti 90 dollardan götürülüb. İlin birinci yarısında Maliyyə Nazirliyinin açıqlamasına görə Azərbaycan neftinin orta qiyməti 59,4 dollar olub. Üçüncü rübün yekunlarında qiymət 11 dollar aşağı düşüb.
Dördüncü rübdə isə qiymətlər kəskin aşağı düşüb, faktiki olaraq, oktyabrın 23-dən neftin qiyməti 50 dollar həndəvərində olub. Qalan vaxtlar qiymət 45-47 dollar arasında dəyişib. Noyabrın 15-dən sonra neftin qiyməti 45 dollar həndəvərində olub.
Onun fikrincə, əgər neftin qiyməti dekabr ayında 50 dollar olmasaydı, o zaman neftin orta ixrac qiymətinin illik göstəricisi 50 dollardan aşağı həddə çatacaqdı: “Ancaq indi - dekabr ayında neftin qiyməti həddən artıq aşağı düşüb. Dekabrın birinci həftəsi neftin orta qiyməti 44 dollar civarında oldu, ikinci həftənin birinci günündə London birjası 41,78 dollarla bağlanıb. İlin sonuna qədər vəziyyətin necə olacağı bəlli olmasa da, hazırda 2008-ci ilin dekabrını yaşayırıq. O zaman da neftin qiyməti kəskin ucuzlaşmışdı. Hazırkı durumu götürdükdə illik qiymət 48 dollar civarında olur. 2014-cü ildə Azərbaycan neftinin ixrac qiyməti 101 dollar idisə, bu gün orta qiymət 48 dollar civarındadır, fərq çox azalır. Dördüncü rübdə Azərbaycana gələn neft gəlirləri proqnozdan çox aşağı olacaq. 2015-ci ildə Dövlət Neft Fonduna 16,2 milyard dollar daxil olubsa, güman ki, cari ildə bu rəqəm 7,5 milyard olacaq. Gələn ilin proqnozlarında orta ixrac qiyməti 50 dollardan və fonda daxilolmalar 6,5 milyard dollar civarında götürülür. Düzdür, 2016-cı il üçün bir sıra banklar, fondlar, şirkətlər, agentliklər neftin qiymətinin 50 dollardan çox olmasını proqnozlaşdırırlar".
İlham Şaban bildirib ki, neftin qiymətinin enməsi nəticəsində gəlirin azalması iqtisadiyyatın bütün sahələrində özünü göstərir: “Hökumət çox ləng işləyir, gərək, neftin qiymətinin 110-120 dollar olduğu zaman infrastruktur layihələrini bitirəydi”.
Aktual.az