Bu gün saat 12:30 radələrində güclü tufan nəticəsində “Neft Daşları” NQÇİ-nin 501 saylı özülündə köçk qarışıq dənizə düşən 3 neftçidən birinin cəsədi tapılaraq sudan çıxarılıb.
Bu, səyyar aqreqatın motorçusu, 1961-ci il təvəllüdlü Bəhmən Cəfərovun cəsədidir.
FHN qalan iki neftçinin axtarışlarını davam etdirir. Axtarış-xilasetmə işlərinə nazirliyin vertolyotları və gəmiləri cəlb olunub.
Bu gün güclü tufan “Neft daşları”nda qəzaya səbəb olub.
Aktual.az xəbər verir ki, ARDNŞ-dən ans press-ə verilən məlumata görə, dekabrın 4-də saat 12.30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə qəza baş verib.
Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın matorçuları-1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov budkada olub.
Dənizdə operativ axtarış işlərinə başlanılıb. Güclü küləyin yaratdığı maneəyə baxmayaraq, hazırda itkin düşən nefçilərin axtarışı Fövqəladə Hallar Nazirliyinin vertolyotu, həmçinin Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” yanğınsöndürən gəmisi, “Avyor” dalğıc gəmisi və Samir Quliyev yedək gəmisi ilə davam etdirilir. Hadisənin təfərrüatları özülə göndərilmiş komissiya tərəfindən araşdırılır.
Axtarış və araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.
Aktual.az