Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov ölkədəki siyasi proseslərlə bağlı Modern.az-ın sullarını cavablandırıb.
- Ayaz müəllim, çoxdandır səssiniz gəlmir. Deyəsən, yay boyu ancaq istirahət etmisiniz?
- Bu yay ancaq bağda dincəldim. Əlimdə bel bağbanlıqla məşğul olmuşam. Eyni zamanda, nəticəm Ayazla da səmərəli vaxt keçirməyə çalışdım.
- İstirahət öz yerində. Yəqin ki, ölkənin siyasi həyatı ilə də maraqlanırsınız. Bildiyiniz kimi, ölkədə keçiriləcək parlament seçkilərinə çox az vaxt qalıb. Seçkiqabağı siyasi vəziyyəti necə dəyərləndirirsiniz?
- Əslində bu barədə danışmaq fikrim yoxdur. Bir halda ki, sizi ümumi siyasi vəziyyət maraqlandırır, bir-iki kəlmə danışa bilərəm. Parlament seçkilərinə qısa zaman qalsa da, canfəşanlıq göstərən yoxdur. Hələ ki nə iqtidar, nə də müxalifət tərəfindən seçkilərə qatılmaq niyyətləri olan namizədlərin səsi gəlir. Deyərdim ki, sakitlikdir.
- Sizcə, seçkiqabağı durğunluq nə ilə bağlıdır?
- Bunu ümumi vəziyyətlə əlaqələndirərdim. Siyasətdə görüləsi çox işlərimiz var. Həmçinin, dünyada gedən siyasi proseslər var ki, diqqət mərkəzindədir. Ona görə də hadisələri qabaqlamaq lazımdır.
- Son günlər cəbhə xəttində atəşkəsin mütəmadi olaraq pozulması cəmiyyətdə narahatlıq yaradır. Sizcə, Ermənistan tərəfi atəşkəsi pozmaqla Azərbaycana “müharibə anonsu” verə bilərmi?
- Unutmamalıyıq ki, cəbhədə baş verənlər kənar qüvvələrin marağına xidmət edir. Bəzən özümə sual verirəm ki “atəşkəsin pozulması kimə lazımdır?”.
Cavabım o olur ki, iqtisadiyyatı dağılmış Ermənistana lazım deyil. Ermənistanın müharibə etməyə gücü yoxdur. Həmçinin, Ermənistanın radikal tədbirlərə əl atmağa da gücü yoxdur. Ermənistana arxa duran kənar qüvvələr var ki, məsələnin həll olunmasına mane olur. Atəşkəsi pozmaqla Ermənistan tərəfi heç nə deyə bilməz.
Çünki Ermənistanın heç vaxt açıq şəkildə danışa bilməməsi hamıya bəllidir. İşğalçı Ermənistan böyük dövlətlərin təsiri altındadır. Ermənistanın daxilində yaranmış vəziyyətə nəzər salsaq görərik ki, Azərbaycana qarşı radikal çıxışlar etməyin mənası yoxdur.
Azərbaycan tərəfinə gəldikdə isə münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıdır.
- Azərbaycan və Ermənistan prezidentlərinin BMT Baş Məclisinin sessiyası çərçivəsində görüşəcəyi ehtimal olunur. Bu görüşün ATƏT-in Minsk qrupunun həmsədr dövləti olan ABŞ-ın təşəbbüsü ilə baş tutacağı proqnozlaşdırılır. Siyasi rəhbərlik bir araya gələcəksə, bu, Dağlıq Qarabağ məsələsinin həllinə necə təsir edə bilər?
- Bu cür görüşlərin mütəmadi olaraq təşkil olunmasının çox böyük əhəmiyyəti var. Azərbaycan heç bir zaman qarşılıqlı görüşlərdən imtina etməyib. Həmişə iştirak edib. Narahatedici məqam odur ki, görüşlərin nəticəsi yoxdur.
Nə qədər ki Azərbaycan təzyiqə məruz qalacaq, bu görüşlərin də nəticəsi olmayacaq. Hər görüşdə Azərbaycandan kompromisə getməyi tələb edirlər. 20%-dən artıq torpağı işğal altında olan dövlətdən hansı kompromisi gözləmək olar?! Əgər yeni bir təklif varsa və bu təklifi Nyu-Yorkun özündə müzakirə etməyə hazırdırlarsa, o zaman bu görüş olsun. Amma gəlin söhbət edək, arxada isə başqa cür davranışlar sərgilənsin, düşünürəm ki, bu, vaxtı öldürməkdir.
/ Aktual.az