Azərbaycan Təhsil Nazirliyi manatın məzənnəsinin dəyişməsindən sonra "Təfəkkür" Universiteti və Qızlar Universitetində təhsil haqlarının dollarla tələb olunması ilə bağlı məlumatları araşdırıb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.
"Təfəkkür" Universitetində fevralın 1-dən təhsil haqlarının dollarla ödəniləcəyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirən Y.Piriyev bildirib ki, "Təfəkkür" Universiteti nazirliyə bununla bağlı təkzib verəcəyini açıqlayıb: "Həmin elanın konkret məktəb binasının divarından asıldığı bilinmir. Amma bununla belə, belə siqnal daxil olduğu üçün universitetin prorektoruna zəng edilib. O, bununla bağlı təkzib veriləcəyini deyib. Qızlar Universitetində də təhsil haqlarının dollarla tələb olunması ilə bağlı daxil olan siqnal barədə həmin məktəbin rektoruna məlumat verilib. Hər iki məktəb rəhbərliyi bildirib ki, bizdə belə hal yoxdur".
Y.Piriyev qeyd edib ki, ali məktəb rəhbərliyi ilə təhsil haqlarının ödənilməsi ilə bağlı indiyədək bağlanılan müqavilələr həmin tələbələr təhsillərini başa vuranadək qüvvəsində qalmalı, bu müqavilələrə uyğun olaraq da tələbələrin təhsil haqlarının səviyyəsi dəyişməməlidir.
Aparat rəhbərinin müavini bildirib ki, Azərbaycanın milli valyutası var, ödəniş də milli valyuta ilə aparılmalıdır: "Buna görə də təhsil haqlarının dollarla ödənilməsi məsələsi gündəmdə deyil və buna baxmaq da düzgün deyil".
Nazirlik rəsmisi deyib ki, yeni tədris ili üzrə təhsil haqlarının artması, ya azalması məsələsinə mart ayında qəbul planı hazırlanarkən ali məktəblərin təklifləri nəzərə alınmaqla baxılacaq.
Y.Piriyev təhsil haqlarının müəyyənləşdirilməsinin ali məktəblərin səlahiyyətinə daxil olduğunu da açıqlayıb.