Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yasamal rayonu Əsəd Əhmədov küçəsində ( köhnə Talıblı küçəsi 38 ) ağacların kəsilməsi ilə bağlı mediada yayılan xəbərlərə münasibət bildirib.
Qurumdan bildirilib ki, Nazirlik əməkdaşları hadisə yerində olub.
Əraziyə baxış zamanı sözügedən ünvanda 2 ədəd qovaq ağacının kəsildiyi, bir neçə qovaq ağacının isə gövdəsinin üst hissəsindən budandığı aşkar edilib.
Aparılan araşdırma zamanı məlum olub ki, bir müddət əvvəl sözügedən ünvanda yaşayan Əbülfət Nəzərov tərəfindən Yasamal rayonu Əsəd Əhmədov küçəsində təhlükə yaradan qovaq ağaclarına müvafiq rəy bildirilməsi ilə bağlı Nazirliyə müraciət daxil olub.
Müraciət əsasında mütəxəssislər tərəfindən həmin əraziyə baxış keçirilib və ağacların həqiqətən də qəzalı durumda olduğu müəyyən edilib. Insanların həyatına təhlükə yaradacağı nəzərə alınaraq Nazirliyin Dövlət Ekspertiza İdarəsi tərəfindən 2 ədəd hündür gövdəli, əyilərək qəzalı vəziyyətdə olan qovaq ağacının kəsilməsinə (kəsilən ağacların yerində həmişəyaşıl ağacların əkilməsi şərti ilə), 7 ədəd hündür gövdəli eynicinsli ağacın isə budanaraq təhlükəsiz vəziyyətə gətirilməsinə rəy verilib və rəydən kənara çıxılmadığı məlum olub.
Məlumat üçün bildiririk ki, 2011-ci ildən etibarən ETSN-nin Dövlət Ekspertiza İdarəsi Bakı şəhəri daxilində yaşı ötmüş, köküstə qurumuş, həmçinin gövdəsi əyilmiş, qəzalı durumda olan, insan həyatı üçün təhlükə yaradan kommunal xətlərə, eləcə də yaşayış binalarına qəza faktoru yaradan hündürlüyü 12 metrdən yuxarı olan qovaq cinsli ağacların təhlükəsiz səviyyədə budanmasına və müstəsna hallarda rəy əsasında kəsilməsinə icazə verib.
Son illərdə müşahidələr göstərir ki, qovaq cinsli ağaclar müəyyən yaş dövründən sonra insanların həyatı üçün təhlükə yaradır və aşaraq xoşagəlməz hadisələrə səbəb olur. Çünki qovaq ağaclarının kökü dərində olmadığından, əsasən də küləkli havalarda böyük təhlükə mənbəyinə çevrilir.(Qafqazinfo)
Aktual.az