Nazirlikdəki korrupsiya faktlarına görə kim cavabdehdir?

Nazirlikdəki korrupsiya faktlarına görə kim cavabdehdir?

Dünən mətbuatda Mədəniyyət və Turizm Nazirliyinin şöbələrində korrupsiya faktlarının olması barədə yazı dərc olundu.

Musavat.com saytına məxsus materialda qeyd olunurdu ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir müddət əvvəl nazirliyin bir neçə rayon şöbələrinin müdirlərini vəzifədən kənarlaşdırıb, bəzilərinə isə töhmət verib.

Nazirliyin şöbə müdirlərinin vəzifədən uzaqlaşdırılması işdə ciddi nöqsanlara yol vermələri, kadrların yerləşdirilməsində qanunsuzluq törətmələri ilə izah olunur. Şöbə müdirlərinin işdən çıxarılmasına səbəb olan nöqsanlar isə çox ilgincdir. Belə ki, şöbə müdirlərinin dövlət büdcəsindən ayrılan vəsaitlərin necə silinməsini əks etdirən sənədlər üzə çıxıb. Sənədlərdə aydın görünür ki, nazirliyin rayon şöbələrində büdcədən ayrılan vəsaitlər qanunsuz olaraq necə xərclənir, aparılan saxta sənədləşmələr sayəsində dövlətdən ayrılan vəsaitlər rayon şöbələrinin rəhbərlərinin cibinə gedir.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixməmmədov isə Report-a açıqlamasında faktı təsdiqləyib. Şöbə müdirinin dediyindən belə aydın olub ki, əslində, mətbuatda yayılan xəbərlər yeni deyil. Yəni bu faktlar hələ bir neçə ay öncə aşkarlanıbmış: "Bu qərarlar Mədəniyyət və Turizm Nazirliyinin iyul ayında keçirilən kollegiyasında qəbul olunub. Mədəniyyət və Turizm Nazirliyi Yevlax və Cəlilabad rayonlarında nazirliyin siyasətinə uyğun olaraq ümumi yoxlamalar aparıb və yoxlamalar nəticəsində bir sıra nöqsanlar aşkarlanıb. Yoxlamalar zamanı üzə çıxan məsələlər kollegiya iclasında müzakirə edilib. Paralel olaraq, müvafiq dövlət qurumları tərəfindən maliyyə yoxlamaları aparılıb və bunun nəticəsi barədə də nazirliyə məlumat verilib. Mədəniyyət və Turizm Nazirliyi maliyyə nöqsanları aşkar etdiyinə görə, həmin adamlar iyul ayında işdən azad edilib".

Məsələnin maraqlı tərəfi odur ki, bu hallarla bağlı mətbuata heç bir açıqlama verilməmişdi. Ancaq iş təkcə bununla da bitmir. Şöbə müdiri bildirir ki, maliyyə nöqsanları aşkar etdiyinə görə, həmin adamlar iyul ayında işdən azad edilib. Bəs barələrində bu şəxslərin barələrində hər hansı tədbir görülübmü, yol verdikləri nöqsanlara, mənimsəmə faktlarına görə cinayət işi açılıbmı? Əgər açılmayıbsa, səbəb nə olub? Olmaya bu şəxslərin polis, məhkəmə orqanları qarşısında söyləyəcəkləri, daha yuxarı instansiyaları "ələ vermək" ehtimalları onları xilas edib?
Məsələnin üstündən keçən 4-5 ay ərzində bu barədə açıqlama verilməməsi hansısa gizli mətləblərdən xəbər vermirmi? Hər halda bütün bunlar Vüqar Şıxməmmədovun cavab verəcəyi suallar deyil. Hər halda xalq artistinə başdaşı düzəltməyən nazirlikdə belə halların olması elə də əcaib görünməməlidir.

Xəbər 830 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR