Nazirlikdən ən azı 100 nəfərin də işdən azad ediləcəyi gözlənilir.
Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki (RYTN) mənbələrdən verilən məlumata görə, nazirliyə yeni rəhbər təyin ediləndən sonra daha bir neçə nəfərin işdən azad ediləcəyi gözlənilir. Məlumata əsasən, artıq təxminən 100 nəfər öz xahişi ilə işdən azad olunmasına dair ərizə yazıb. Yaxın günlərdə həmin şəxslərlə bağlı yekun qərarın veriləcəyi gözlənilir.
Bildirilib ki, nazirlikdə işdən azad ediləcək şəxslərin sayının daha çox olacağı ehtimal edilir.
Qeyd edək ki, məlum "MTN qalmaqalı"ndan sonra RYTN-nin 20-yə yaxın vəzifəli şəxsi vəzifəsindən azad edilərək həbs olunub. Bunun ardınca noyabrın 12-də prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiayalar naziri Əli Abbasov vəzifəsindən azad edilib. Daha sonra dövlət başçısının müvafiq sərəncamları ilə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov vəzifəsindən azad edilərək nazirin müavini vəzifəsinə, onun yerinə isə Heydər Əliyev Fondunun İşlər departmentinin direktoru olmuş 38 yaşlı Ramin Quluzadə təyin edilib. Müvəqqəti olaraq həm də naziri əvəz olan Ramin Quluzadə noyabrın 25-də nazirliyin kollektivinə təqdim edilib.