Dünyanın aktual problemlərindən biridə suisiddir.
Aktual.az xəbər verir ki, Səhiyyə Nazirliyinin intiharlarla bağlı yaydığı açıqlamada deyilir: `Dünya təcrübəsi göstərir ki, əksər hallarda intiharların bədbəxt hadisə kimi qeydə alınması, bəzi hallarda isə ölümün suisid, yaxud qətl hadisəsi olub-olmadığı müəyyənləşdirilmədiyinə görə, əsil intiharların sayı barədə dəqiq məlumat əldə etmək kifayət qədər çətin olur. Lakin, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, intiharla dünyasını dəyişənlərin sayı təkcə il ərzində 1 milyon nəfər təşkil edir`.
Məlumata əsasən ölkəmizdə də bu problem mövcuddur və belə halların qarşısını almaq məqsədi ilə Azərbaycanda Psixi Sağlamlıq Mərkəzi 2012-ci ilin oktyabr ayından insanlara daha geniş psixoloji yardım xidmətlərinin göstərilməsi üçün fəaliyyətə başlayıb: `Suisidal niyyət, suisidal cəhd və realizə edilmiş suisidin yetərincə ümumi xüsusiyyətlərə malik olmasına baxmayaraq, məna etibarilə onlar müxtəlif hərəkətləri əks etdirirlər. Məhz bu səbəbdən Psixi Sağlamlıq Mərkəzində suisidal niyyətlərin qiymətləndirilməsi və profilaktikası üçün göstərilən xidmətlər olduqca vacibdir`.
Psixi Sağlamlıq Mərkəzi dörd istiqamətdə fəaliyyət göstərir. İlk növbədə suisid və digər krizis vəziyyətləri üçün Təcili Psixoloji Yardım şöbəsi yaradılmışdır. Bu şöbədə müraciət edən şəxslərlə daha çox böhran vəziyyətinin araşdırılması, psixoloji problemlərin aradan qaldırılması məqsədilə yardım edilir. Şöbədə müxtəlif psixoterapiya xidmətləri, fərdi və qrup psixoterapiyaları aparan psixoloqlar, o cümlədən problemin tibbi aspektlərini qiymətləndirmək üçün psixiatrlar, sosial yönümlü problemlərin araşdırılması və aradan qaldırılması üçün sosial işçilər çalışır. Şöbə daxilində göstərilən digər vacib xidmət isə “İnam” telefon xəttidir (566 50 61). Krizis vəziyyətlərinin qarşısının alınması və böhran vəziyyətinə anında müdaxilə edə bilmək üçün ixtisaslı mütəxəsislər həmin xəttdə xidmət göstərirlər.
Ağır və xroniki psixi pozuntular zamanı suisid riski daha yüksəkdir. Psixi Sağlamlıq Mərkəzinin Müalicə-konsultativ şöbəsi belə pasiyentlərə məsləhət-müayinə və müalicə xidmətləri göstərir. Pasiyentin vəziyyətinin ağırlaşmasının qarşısını almaq üçün gündüz stasionarı xidməti təşkil edilmişdir. Gündüz stasionarı ənənəvi stasionarın alternativ formasıdır. Beləki, bu stasionarın müsbət cəhəti odur ki, insan öz yaşadığı mühitdən uzaqlaşmadan ənənəvi stasionar xidmətlərini alır və evə gedə bilir. Şəxs bunun nəticəsində daha az stiqma problemi və diskriminasiya ilə qarşılaşır. Gündüz stasionarı Səhiyyə Nazirliyi tərəfindən müasir dərmanlarla və yeməklə təchiz olunur.
Psixi Sağlamlıq Mərkəzinin göstəridiyi ən əsas və vacib xidmət ağır psixi pozuntulardan əziyyət çəkən insanlar üçün Psixososial Reabiliyasiya şöbəsinin fəaliyyət göstərməsidir. Ölkəmizdə ayrı-ayrı mərkəzlərdə uşaqlar üçün reabilitasiya xidmətləri mövcuddur, lakin bura yeganə mərkəzdir ki, 18 yaşdan yuxarı şəxslər psixososial reabiltasiya xidmətləri üçün müraciət edə bilərlər. Ağır psixi pozuntular zamanı suisid riskini azaltmaq üçün pasiyentlərin sosial həyata adaptasiyası təşkil olunmalıdır. Məhz belə pasiyentlərin sosial adaptasiyasını yaxşılaşdırmaq üçün multidisiplinar komanda fəaliyyət göstərir. Bu zaman pasiyentlərə “CARE” üsulu ilə yanaşmaqla onların problem və məqsədlər planı araşdırılır. Bu zaman hər pasiyentə psixiatr, psixoloq, sosial işçi, reabilitasiya üzrə mütəxəssis və digər ixtisaslı işçilər tərəfindən multidisiplinar komanda xidmətləri göstərilir. Komanda şəklində təşkil olunan xidmətlərə psixoterapiya, sosial iş, koqnitiv remidiasiya, əmək terapiyası, art terapiya, qrup terapiyası, drama, idman, ilkin ibtidai biliklər, özünə qulluq, kulinariya daxildir.
İntihara münasibətdə kütləvi şüurda bəzi stereotiplər mövcuddur. Adətən belə düşünülür ki, intihar edənlər öz əməllərini tamamilə dərk edirlər və onların öz həyatları ilə istədikləri kimi davranmağa tam hüquqları çatır. Ancaq bir qədər öncə qeyd edildiyi kimi, suisidal fikirlərə düşən insanlar eyni zamanda ziddiyyətli hisslər keçirirlər: bir tərəfdən onlar ölüm arzulayırlar, digər tərəfdən yaşamaq istəyirlər. Digər səhv düşüncə, əgər insan bir dəfə hər şeyə son qoymaq istəyibsə – intiharın qaçılmazdır olması ideyasıdır. Lakin suisidal cəhdlər daha çox kəskin həyat böhranı dövründə yaranır. İnsan böhrandan tamamilə çıxdıqdan sonra intihar etmək ehtimalı yox olur. Suisidal hisslərin yaşanmasında ciddi təcrübəyə malik olan əksər insanlar sonradan uzun illər və onilliklər yaşayırlar. İntiharla bağlı üçüncü yanlış fikir bu barədə çox danışan insanların heç vaxt onu həyata keçirməmələri düşüncəsidir. Buna baxmayaraq, intihar edənlərin 80%-dən çoxu həyatdan köçmək istəmələri barədə öncədən kifayət qədər ciddi xəbərdarlıqlar ediblər. İntiharla bağlı dördüncü yanlış fikir insanla onun suisidal düşüncələrinin müzakirə edilməsi onda intihar istəyinin daha çox baş qaldırmasına səbəb ola bilməsidir. Əslində isə intihar etmək qərarına gələn insana qarşı qayğı ilə yanaşmaq və həssaslıqla söhbət etmək onun vəziyyətini yüngülləşdirə və intiharın qarşısını ala bilər. Son olaraq onu qeyd etmək lazımdır ki, intihar – qəfildən həyata keçirilən impulsiv aktdır. Yüksək intihar riskinin çoxsaylı əlamətləri məlumdur. Onlar intiharın həyata keçirilməsindən xeyli əvvəl müşahidə oluna bilər, əksər ciddi suisidal cəhdlər isə əvvəlcədən planlaşdırılır.
İntiharın qarşısını almaq üçün bütün cəmiyyət bu haqda məlumatlı olmalıdır. Beləki insan resursları ilə işləyən peşə qrupları: müəllimlər, sahə həkimləri, sosial işçilər və b. sayıqlıq göstərməli, bu hallarla rastlaşdıqda düzgün istiqamətləndirmə aparmalı və psixi sağlamlıq sahəsində çalışan mütəxəsisslərlə sıx əməkdaşlıq etməlidir.
Suisidal davranışın səbəbləri müxtəlif ola bilər. Bir sıra bioloji, irsiamillər, psixi və somatik xəstəliklər, psixoloji problemlər və sosial faktorlar intiharı şərtləndirə bilər. Bura təcavüz, özünə qarşı aqressiya, yardım etməyə çağırış daxildir. Eyni zamanda bir neçə göstəricilərə görə, şəxslər intihar üçün risk qruplarına daxildir. Kişi cinsinə mənsub olma, gənc və ahıl yaş, ailənin dağılması, aşağı sosial status, işsizlik, sağlamlıq problemləri, psixi pozuntular, zərərli vərdişlər, əvvəlki cəhdlər, intihar barədə bəyənat və s. aiddir.
Suisidal davranış suisidal niyyət, suisidal cəhdlər və başa çatmış intihar olmaqla növlərə ayrılır. Suisidal niyyət - intihar barədə düşüncələri, həyatdan getmək üçün yollar axtarılmasını, müxtəlif hazırlıqların görülməsini özündə birləşdirir. Suisidal cəhdlər – nisbətən az təhlükəli əməllərdən başlayaraq (misal üçün, az miqdarda dərman qəbulu) həyat üçün ciddi təhlükə yaradan autoaqressiv akta qədər hərəkət spektrini əhatə edir. Başa çatmış intihar isə insanın həyatdan getməsi ilə qurtarır. Suisidal niyyətlərin qiymətləndirilməsi və profilaktikası suisidal davranışın qarşını almağa səbəb olur.