Mədəniyyət və turizm nazirinin və Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birgə razılığı əsasında Şükürov Mehman Şakir oğlu Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
Aktual.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, M.Şükürov Azərbaycan Dövlət İncəsənət Universitetini bitirdikdən sonra Sumqayıt şəhərində mədəniyyət müəssisələrində bir sıra vəzifələrdə çalışıb. O, 1997-2014-cü illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru işləyib. Mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə 2008-ci ildə “Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülüb.
Qeyd edək ki, şəhər (rayon) mədəniyyət və turizm şöbələrinin müdirləri nazirliklə yerli icra hakimiyyətinin ümumi razılığı əsasında təyin edilir.
Xatırladaq ki, Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin keçmiş rəisi Namiq Qaffarov bir neçə gün öncə öz xahişi əsasında tutduğu vəzifədən azad edilib.