Nazir: Sahibkarlara mane olan polislər ciddi cəzalandırılacaq

Nazir: Sahibkarlara mane olan polislər ciddi cəzalandırılacaq

Daxili İşlər Nazirliyində (DİN) "Şəhər, rayon polis orqanlarında vətəndaşların müraciətlərinə baxılması və qəbulu işi"nin və "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə"nin vəziyyətinə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Aktual.az-ın Trend-ə istinadən xəbər verir ki, nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov Kollegiya iclasını açaraq müzakirəyə çıxarılan məsələlərin xidməti fəaliyyətin mühüm sahələrini əhatə etdiyini, vətəndaşların müraciətlərinə baxılmasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət və nəzarətində olduğunu, məhz onun tapşırığına əsasən, son illər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda mütəmadi olaraq vətəndaşların qəbulunu keçirdiklərini, onların problemlərini şəxsən dinlədiklərini vurğulayıb. Daxili işlər orqanlarının fəaliyyətində ən prioritet istiqamətlərdən olan bu əhəmiyyətli məsələnin sonuncu dəfə 2013-cü ildə müzakirə olunduğunu xatırladan nazir qarşıda duran yeni vəzifələrin müəyyən edildiyini, həmin Kollegiyadan ötən iki il ərzində bu sahədə xeyli irəliləyişin baş verdiyini, əhəmiyyətli tədbirlərin həyata keçirildiyini, o cümlədən müraciətlərin obyektiv və vaxtında araşdırılmasına, təşəbbüskarlara yazılı cavabların verilməsinə, şikayətləri doğuran səbəblərin aradan qaldırılmasına, qanunauyğun ədalətli qərarların çıxarılmasına, qəbulların müntəzəmliyinə nəzarət və tələbkarlığın artırıldığını bildirib.

Bununla yanaşı, qeyd olunub ki, kriminogen duruma mənfi təsir göstərən amillərdən olan narkotik vasitələrin qanunsuz dövriyyəsi də müvafiq sahədə fəaliyyətin təşkilinə xüsusi diqqət, vəziyyətin daim nəzarətdə saxlanılmasını və adekvat tədbirlərin vaxtında müəyyən edilib icraya yönəldilməsini tələb edir.

Nazir son illər hər iki istiqamətdə işin daha səmərəli yerinə yetirildiyini, lakin uğurlarla yanaşı, ayrı-ayrı ərazi polis orqanlarının fəaliyyətində hələ də müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu xatırladıb.

Gündəlikdəki məsələlər ətrafında çıxış edənlər görülən işlərdən, buraxılmış nöqsanlardan danışıb, ilin sonunadək onların aradan qaldırılması üçün kəsərli tədbirlərin həyata keçiriləcəyini bildiriblər.

İclasa yekun vuran daxili işlər naziri, general-polkovnik R.Usubov müzakirə olunan hər iki məsələ üzrə bütövlükdə fəaliyyətin qənaətbəxş olduğunu, eyni zamanda qeyd olunan nöqsan və çatışmazlıqların aradan qaldırılmasını tələb edib, konkret tapşırıq və tövsiyələrini verib.

O, xüsusilə vurğulayıb ki, polisin ictimai nüfuzuna və işgüzar imicinə həlledici təsir göstərən vətəndaşların qəbulu və müraciətlərinə baxılması orqan rəislərinin və onların müavinlərinin hər zaman diqqətində olmalı, görülən işlər mütəmadi öyrənilməli, təkrar şikayətləri doğuran səbəblərin müəyyən edilməsi, belə halların qarşısının alınması üçün bu növ müraciətlər vaxtaşırı nəzarət qaydasında yoxlanılmalı, vətəndaşların müraciətləri üzrə aparılmış araşdırmaların nəticələri barədə təşəbbüskarlara bütün hallarda rəsmi cavab verilməlidir.

Nazir narkotik vasitələrin qeyri-qanuni yollarla respublikamıza gətirilməsinin qarşısının alınması, güclü təsirə malik olan narkotiklərin qanunsuz dövriyyəyə girmədən aşkarlanmasına, onları qaçaqmalçılıq yolu ilə ölkəyə gətirən şəxslərin müəyyən edilməsinə yönəldilmiş əməliyyat-axtarış tədbirlərinin daha da gücləndirilməsinin, yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın gücləndirilməsi baxımından ayrı-ayrı əmək kollektivlərində, orta ixtisas və ali təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Daxili işlər naziri R.Usubov Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi iə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısının proqram xarakterli nitqində respublikamızda sabitliyin, əmin-amanlığın hökm sürdüyünü vurğulamasının qürurverici olduğunu, bu işdə onun rəhbərliyi ilə respublikanın hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının da danılmaz xidmətini diqqətə çatdırıb. Həmin iclasda dövlət başçısının prinsipial mövqeyini xatırladan nazir sahibkarlıq fəaliyyətinə müdaxilənin, vətəndaşlarla münasibətdə kobudluq, süründürməçilik və korrupsiya hallarının yolverilməzliyini, belə neqativ əməllər törədən əməkdaşlar və onların rəhbərliyi barədə ciddi intizam tənbehi tədbirlərinin görüləcəyini bir daha qeyd edib.

Qarşıdan dövlət əhəmiyyətli mühüm tədbirin-növbəti parlament seçkilərinin gəldiyini xatırladan R.Usubov daxili işlər orqanlarının bu sahədə böyük təcrübəyə malik olduğunu, asayişin qorunması və təhlükəsizliyin təmini məsələlərində onların üzərinə qanunvericilikdən irəli gələn mühüm vəzifələr düşdüyünü, əvvəlki illərdə və anoloji tədbirlərdə olduğu kimi, hər bir əməkdaşın qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib.

O, bir daha qeyd edib ki, bu gün daxili işlər orqanlarının qarşısında duran əsas vəzifə dövlətimizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın sosial rifahının yüksəldilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət siyasətinin başlıca təminatlarından olan ictimai-siyasi sabitliyin etibarlı qorunması, daha da möhkəmləndirilməsidir. Ölkəmizdə sabitliyi, əmin-amanlığı pozmaq, qarışıqlıq, xaos və anarxiya yaratmaq istəyən qüvvələrin qarşısı qanunların verdiyi imkanlar çərçivəsində ən sərt, qətiyyətli şəkildə alınacaq.

Daxili işlər naziri ölkə Prezidenti cənab İlham Əliyevi əmin edib ki, şəxsi heyət ölkənin qanunlarından, dövlət başçısının fərman və sərəncamlarından irəli gələn tələbləri layiqincə yerinə yetirəcək, xalqa və dövlətə sədaqətlə xidmət edəcək, sabitliyin, əmin-amanlığın, habelə dövlətin və vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün qüvvə və bacarığını əsirgəməyəcək, həmişə olduğu kimi, cari ili də yüksək göstəricilərlə başa vuracaq.

Xəbər 604 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR