Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Koreya Respublikasının Munqyeonq şəhərində keçirilən Beynəlxalq Hərbi İdman Şurasının (CISM) Hərbçilərin VI Dünya Oyunlarında medal qazanan idmançılar və onların məşqçiləri ilə görüşüb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, nazir qazanılmış böyük və inamlı qələbə münasibətilə idmançıları, məşqçiləri və mütəxəssisləri təbrik edib.
Hərbi idmançılarımızın bu uğurunu yüksək qiymətləndirən nazir Azərbaycanın dünyanın aparıcı idman ölkələri sırasında olduğunu vurğulayıb: “Ölkəmiz bütün istiqamətlərdə olduğu kimi, idman sahəsində də nailiyyətlər əldə edir. Qazanılan müvəffəqiyyətlər ölkəmizdə idmana yüksək səviyyədə dövlət dəstəyinin göstəricisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısının nəticəsidir. Siz, Silahlı Qüvvələrin təmsilçiləri kimi, Koreyada ölkəmizin bayrağını yüksəltmək və dövlət himnimizi səsləndirməklə Azərbaycan əsgərinin döyüş əzmini və qələbə ruhunu bir daha sübut etmiş oldunuz”.
Qələbədə əməyi olan idmançı, məşqçi və mütəxəssisləri təbrik edən müdafiə naziri bundan sonra da Silahlı Qüvvələrdə idmana daha çox diqqət ayrılacağı, yeni tikilən hərbi şəhərciklərdə idman komplekslərinin inşa ediləcəyini də diqqətə çatdırıb.
Gələcəkdə keçiriləcək beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etməyi idmançılara arzu edən Z.Həsənov qələbədə zəhməti keçənlərə təşəkkür edərək onlara qiymətli hədiyyələr təqdim edib.
Sonda xatirə fotosu çəkilib.
Xatırladaq ki, yarışlarda Azərbaycanı Mərkəzi Ordu İdman Klubunun sərbəst və yunan-Roma güləşi, cüdo və taekvando idman növləri üzrə komandaları təmsil ediblər.
Ümumiyyətlə, 120 ölkədən 8100 idmançının iştirak etdiyi Hərbçilərin VI Dünya Oyunlarında Azərbaycan təmsilçilərinin 12 medal qazanması ilə (2 qızıl, 4 gümüş və 6 bürünc) ümumi hesabda komandamız 15-ci yeri tutub.