Xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri xanım Suzan Mouh Cəmili qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, görüşdə səfir etimadnaməsinin surətini nazirə təqdim edib.
Görüşdə Azərbaycan və Misir arasında tarixi və ənənəvi dostluq əlaqələrinin olduğu qeyd olunaraq, birgə səylərlə iqtisadiyyat, elm-təhsil, enerji, kənd-təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd edilib. Hökumətlərarası birgə əməkdaşlıq komissiyasının fəaliyyətinin və iki ölkə arasında birbaşa hava uçuşlarının ikitərəfli iqtisadi-ticarət və turizm əlaqələrinin inkişafına mühüm töhfə verəcəyi vurğulanıb.
Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında qarşılıqlı dəstəyin və əlaqələndirmənin vacibliyi ifadə olunaraq, bu xüsusda BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təsisatlar qeyd olunub.
E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verərək, BMT TŞ-nin münaqişə ilə əlaqədar qəbul etdiyi dörd qətnamənin tələblərinin Ermənistan tərəfindən hələ də yerinə yetirilməməsini diqqətə çatdırıb. Beynəlxalq hüquq və BMT Nizamnaməsinə əsasən kimin təcavüzkar, kimin isə təcavüz və işğala məruz qalan ölkə olmasının aydın şəkildə müəyyən olunduğunu deyən nazir münaqişə ilə əlaqədar beynəlxalq ictimaiyyətin mövqeyinin də birmənalı xarakter daşımalı olduğunu vurğulayıb. Azərbaycanın hər bir halda beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunacağını qeyd edən E.Məmmədyarov ölkəmizin BMT nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş hüququndan da istifadə etmək iqtidarında olduğunu bildirib. O, münaqişənin həlli ilə əlaqədar Azərbaycanın qəti mövqeyinin BMT Baş Məclisinin 70-ci sessiyasının ümumi müzakirələr hissəsində beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldığını deyib.
Görüş zamanı səfir ölkəmizdə keçirilmiş Birinci Avropa Oyunlarının möhtəşəm təşkili edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib. Diplomatik fəaliyyəti müddətində tarixi dostluq əlaqələri ilə bağlı olan Azərbaycan və Misir arasında siyasi, iqtisadi, ticarət, elm-təhsil və digər sahələrdə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Səfir Misirin beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllini dəstəklədiyini diqqətə çatdırıb.
Görüşdə Yaxın Şərq və Şimali Afrika regionunda cərəyan edən proseslər barəsində fikir mübadiləsi aparılıb.
E.Məmmədyarov S.M.Cəmilə diplomatik fəaliyyətində uğurlar arzulayıb
Aktual.az