“Naxçıvan- Bakı marşrutu üzrə işləyən avtobuslarda gediş haqqı bahalaşıb”.
Aktual.az xəbər verir ki, bu barədə ans press-ə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Məhəmməd Abdullayev deyib.
“Əvvəllər Naxçıvana getmək istəyən vətəndaşlar 16 manat ödəyirdisə indi bu qiymət 25 manatdır. Hazırda Naxçıvana reyslərin 50 faizini İran şirkətləri, qalan hissəsini isə yerli şirkətlər həyata keçirir. Beynəlxalq reyslər müştərək olduğu üçün onların qiymətinə Tarif Şurası yox, Nəqliyyat Nazirliyi nəzarət edir. Həmin İran şirkətləri ilə yerli şirkətlər də daşıma xərclərinin qaldırılması üçün Nəqliyyat Nazirliyinə müraciət etdilər. Azərbaycanın, Naxçıvanın və İranın həmin nazirlikləri qiymətləri araşdırıb 25 manat miqdarında olmasını təsdiq ediblər”.
Məhəmməd Abdullayev qiymət artımı ideyasının İran şirkətləri tərəfindən edildiyini açıqlayıb:
“Onlar köhnə qiymətlərlə işləyə bilməyəcəklərini bildirdilər. Biz isə İran şirkətləri olmadan Naxçıvan reyslərini həyata keçirə bilməzdik. Ona görə də qiymətlər qaldırıldı”.
Mətbuat katibi vətəndaşlarla sürücülər arasında narazılıq yaranması ilə bağlı yayılan məlumatlara da münasibət bildirib:
“Bilet kassalarda satılır. Bu qiymətin isə sürücüyə heç bir aidiyyatı yoxdur. Bunu vətəndaşlar da başa düşür. Ona görə indiyə qədər sürücülərlə sərnişinlər arasında heç bir narahatlıq yaşanmayıb”.
Bakıdan Naxçıvavana və əks istiqamətə reyslər gün ərzində 3-4 avtobusla həyata keçirilir. Reys üzrə işləyən avtobuslar İran ərazisindən keçməklə, yarım sutka ərzində ümumilikdə 500 kilometr məsafə qət edirlər.
Aktual.az