Nardaranda son vəziyyət - Rəsmi açıqlama

Nardaranda son vəziyyət   - Rəsmi açıqlama

Bakının Nardaran qəsəbəsində abadlıq və quruculuq işləri davam edir. Qəsəbədə qazsız qalan mənzillərə də təbii qazın verilməsi ilə bağlı işlər yekunlaşmaq üzrədir.


Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə qəsəbə sakinləri məlumat verib. Sakinlər bildiriblər ki, hazırda qəsəbənin abadlaşdırılması ilə bağlı işlər sürətləndirilib: "Küçə və yolların təmiri davam edir, qəsəbənin abadlaşdırılması işləri sürətlə davam etdirilir".

Qəsəbə yollarının təmiri ilə əlaqədar içməli su xəttinin müvəqqəti kəsilməsinə gəlincə isə sakinlər bildiriblər ki, bu məsələ ilə bağlı problem yaşanmır: "Təmirlə bağlı qəsəbənin bəzi ərazilərinə içməli suyun verilməsi müvəqqəti dayandırılıb. Amma sakinlər içməli su ilə lazımi səviyyədə təmin edilir. Qəsəbəni gündəlik içməli su ilə təmin etmək üçün xüsusi avtomobillər ayrılıb. Yolların təmiri başa çatdırılandan sonra isə qəsəbənin içməli su xətti yenidən bərpa olunacaq".

Nardaran qəsəbəsində yaranmış müvəqqəti su problemi ilə bağlı “Azərsu” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı da bildirib ki, qəsəbədə yeni yolların çəkilişi ilə əlaqədar köhnə kommunikasiyalar ləğv edilir və yeni içməli su şəbəkəsi yaradılır: “Köhnə xətlər tamamilə ləğv edilir. Bu işlər çərçivəsində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq "Azərsu" ASC tərəfindən 1 km-ə yaxın içməli su xətti çəkilib və 1200-dən artıq smart sayğac quraşdırılıb. Köhnə xətlərin ləğvi ilə əlaqədar hazırda qəsəbə sakinləri içməli su ilə su maşınları vasitəsilə təmin olunur”.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Kəlbəliyev açıqlamasında bildirib ki, hazırda Nardaran qəsəbəsində 1900-dən artıq abonent var ki, onların əksəriyyəri təbii qazla təmin edilib: "Ümumilikdə Nardaran qəsəbəsinə təbii qazın verilişi bərpa edilib. Qazın verilişində heç bir problem yoxdur. Artıq abonentlərin böyük əksəriyyəti evlərdə təbii qaz istifadə edir. Abonentlərin bir hissəsi isə hazırda təbii qazdan istifadə edə bilmir. Bunun səbəbi qəsəbədə aparılan abadlıq işləri ilə bağlıdır. Hazırda "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti qəsəbənin küçə və yollarında təmir işləri aparır, yolların genişləndirilməsi, abadlaşdırılmasını həyata keçirir. Təmir işləri ilə əlaqədar olaraq həmin genişləndirilən yolun ərazisinə düşən qaz xətlərinin dəyişdirilməsi, başqa istiqamətə keçirilməsi zərurəti yaranıb. Buna görə də həmin xətlər sökülür, başqa ərazilərə köçürülür və yeni xətlər çəkilir. Aparılan abadlıq işlərinə görə də abonentlərin bir qismi müvəqqəti olaraq qazdan istifadə edə bilmir. Qəsəbədə həyata keçirilən abadlıq işləri və yeni qaz xətlərinin çəkilməsi prosesi başa çatdırılandan sonra həmin abonentlər də təbii qazdan mənzillərində problemsiz istifadə edə biləcəklər”.

Xəbər 544 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR