Bu gün günorta saatlarında Nardarana gələn Daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov qəsəbə sakinləri ilə görüşüb.
Trend-in əməkdaşının məlumatına görə, V.Eyvazov qəsəbə sakinləri ilə görüşdə onlarda olan qanunsuz silah və sursatı könüllü olaraq təhvil verməyi tələb edib.
Qeyd edək ki, bu gün saat 8:00-da vətəndaşlarımızın hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilməsinə başlanılıb.
Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.