Azərbaycan Premyer Liqasının 22-ci turunda evdə "Neftçi"ni 2:0 hesabıyla məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini bildirib.
Mütәxәssis maraqlı oyun olduğunu deyib:
“Çox maraqlı oyun oldu. Oyunun gedişatından da, nəticədən də razı qaldım. "Neftçi" çox çətin rəqibdi. Sürətli futbol oynayırlar. Əsas odu ki, 3 xal qzanmağı bacardıq. Qarşıda bizi çətin oyunlar gözləyir. Qələbəyə görə futbolçuları və azarkeşləri təbrik edirəm. İkinci hissə xüsusilə yaxşı keçdi. Oyunun tempi aşağı düşmədi. Rəqibə gələn oyunlarda uğurlar arzulayıram”.
- Rahidin debütü hesabla bağlı idi?
- Rahid bir ay bizdən ayrı məşq etdi. Onu meydana buraxmağı əvvəlcədən planlaşdırmışdım.
- Reynaldonun Çin klubuna keçidi barədə nə deyə bilərsiz?
- Reynaldonu əvvəl də istəmişdilər. Bir müddət əvvəl ərəb klubları onun xidmətində maraqlı idi. Ancaq onun zədəsinin olması keçidə mane oldu. Əsas olan onun sağlamlığıdı.
- "Qarabağ"da həmişə heyətlə bağlı problemlər olurdu. Ancaq bu mövsüm bu cəhətdən problem yoxdu. Hansısa futbolçunun ehtiyatda qalaraq formadan düşəcəyindən narahat olmursuz ki?
- Bəli, narahat oluram. Heyətdə 15 futbolçu var ki, onlar daim əsas heyətdə oynamağa layiqdi. Ancaq elə şərait yaradıram ki, bu futbolçular hamısı şans qazansın.
- Qara Qarayevə son vaxtlar az şans verirsiz? Bu, onun qışda Türkiyə klubuyla danışıqlar aparmasıyla bağlıdı?
- Yox. Bayaq da dediyim kimi, bizim komandada start heyətində şans qazanmağa layiq 15 futbolçu var. Qaranın bizimlə ilyarımlıq müqaviləsi var.
- Rәşad Sadıqovun başında tikiş var idi. Rәqib "Neftçi" olmasaydı, onu meydana buraxardız?
- O, "Kəpəz"lə oyunda 35 dəqiqə başına tikiş vurulmadan oynadı. Rəşad elə bir futbolçudu ki. sona qədər meydanda vuruşmaq istəyir. Belə olan halda onun oyuna davam etməsi Rəşada əlavə güc verir. Buna görə də, mən də ona dəstək verə bilərəm ki, oynasın. Onun üçün belə zədələr önəmli deyil.
Aktual.az