Ana südünün xeyli hissəsini- 80%-dən çoxunu su təşkil edir. Bu, adi
yox, bioloji aktiv sudur və ona görə də uşaq orqanizmi tərəfindən daha yaxşı
mənimsənilərək onun suya olan tələbatını tam şəkildə təmin edir. Hətta ilin ən
isti aylarında belə gün ərzində daha tez-tez ana südü əmməklə uşaq mayeyə olan
tələbatında əskiklik hiss etmir, bədənin yanğı hissindən və susuzlaşmasından
əziyyət çəkmir. Məhz buna görə pediatrlar yalnız ana südü ilə qidalandırılan
uşaqlara (ilk 6 ayınadək) əlavə mayelərin verilməsini məsləhət görmürlər. Uşaq
orqanizminin xeyli dərəcədə susuzlaşması ilə müşahidə olunan bəzi hallarda bu,
istisnadır. Məsələn, qusma, diareya, yüksək hərarətlə müşahidə olunan
xəstəliklər zamanı uşaqlara əlavə mayelərin verilməsi zəruridir.