Mövlud Çavuşoğludan Azərbaycanla bağlı ÖNƏMLİ MESAJLAR

Mövlud Çavuşoğludan Azərbaycanla bağlı ÖNƏMLİ MESAJLAR

Bu gün Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirləri Ankarada bir araya gəlib. 

Aktual.az xəbər verir ki, görüşdə Türkiyənin xarici siyasət institutunun rəhbəri Mövlud Çavuşoğlu birgə keçirilən mətbuat konfransında Azərbaycan üçün də vacib olan önəmli açıqlamalar səsləndirib. 

Çavuşoğlu deyib ki, Azərbaycan və Türkmənistan arasında Xəzər dənizində "Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasına görə Türkiyə çox sevinclidir.

Çavuşoğlu əlavə edib ki, Ankara türkmən neftinin və qazının Türkiyəyə, oradan da Avropaya nəqlində maraqlıdır və bununla bağlı öhdəsinə düşən vəzifələri icra etməyə hazırdır. 

Siyasi şərhçi Elxan Şahinoğlunun fikrincə, türkmən neftinin və qazının Azərbaycan və Türkiyə üzərindən dünya bazarlarına daşınması hər 3 ölkənin bölgədə çəkisini və rolunu artıracaq. "Türkiyə paralel olaraq Xəzərin dibi ilə boru xəttinin çəkilməsini də arzulayır. Bunu da reallaşdırmaq mümkündür. Maneə kimi göstərilən Rusiya özü Qara dənizin və Baltik dənizinin dibi ilə boru xətləri çəkib, birini də bitirmək üzrədir. Rusiya özü başqa dənizlərin dibi ilə boru xətləri çəkirsə Xəzərin dibi ilə çəkilməsi planlanan boru xəttinin çəkilişinə ciddi maneə yarada bilməyəcək, yetər ki, bu məsələdə birinci növbədə Türkmənistan israrlı olsun”, - deyə Şahinoğlu vurğulayıb.

Türkiyənin xarici işlər naziri mətbuat konfransında yenidən Ermənistana çağırış edib: "Bölgədə davamlı sülh üçün, bölgənin inkişafı üçün tarixi fürsət var. Ermənistanın da sülh yolunu seçməsinə ümid edirik. Türkiyə Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanın hər bir müsbət addımına cavab verəcək”. 

Elxan Şahinoğlu Çavuşoğlunun fikirlərini şərh edərkən bildirib ki, Ermənistanda hələ Azərbaycan və Türkiyə ilə barış barədə düşünmürlər, qonşu ölkə məğlubiyyəti həzm etməkdə çətinlik çəkir. "Bu bir qədər zaman alacaq. Buna baxmayaraq, İrəvan 10 noyabr və 11 yanvar bəyanatlarının kommunikasiya xətlərinin açılması hissəsini yerinə yetirməyə başladıqda istər-istəməz Azərbaycan və Türkiyə ilə regional əməkdaşlıq çərçivəsinə daxil olacaq”, - deyə analitik əlavə edib.
Xəbər 689 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR